Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib?
Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib?Dünən, 16:09 |
|
Ali Məhkəmənin sabiq hakimi, hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Tahir Kazımov ona hakim kimi əmək pensiyasının təyin edilməsi üçün məhkəməyə müraciət edib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, işdə cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilib. Ali Məhkəməyə qədər gedən işdə dövlət qurumu sabiq hakimin pensiya iddasından imtina edib. İmtina məktubunda qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Tahir Kazımovun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə isə onun hakim kimi iş stajı 15 ildən az, yəni, 8 il 2 ay 16 gün göstərilib. Bu səbəbdən də, ona sabiq hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmayıb. Tahir Kazımov hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğini əsas götürərək ona hakim pensiyası təyin edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib. O, iddiasında qeyd edib ki, onun prokurorluq orqanlarında və Ali Məhkəmədə şöbə müdiri işlədiyi dövrlər, hakimlik stajına hesablanmalıdır. Bu müddət isə ümumilikdə 43 il 11 ay 17 gün təşkil edir. Tahir Kazımov bildirib ki, onun həm prokurorluq işçisi kimi, həm də, hakim kimi pensiya almaq hüququ var və o, hakim pensiyası almaq hüququnu seçir. Bakı İnzibati Məhkəməsi iddia tələbini təmin edərək, Tahir Kazımovun hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı da daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta məbləği əsas götürülərək ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilib. Birinci instansiya məhkəməsi qeyd edib ki, Tahir Kazımov 2017-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik və əlavələr qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunub və 2025-ci ilə qədər hakim kimi fəaliyyət göstərib. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanıb. Bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır. Həmçinin hesab edilib ki, iddiaçı xüsusi qaydada hakim vəzifəsinə təyin edilmiş şəxsdir və hazırki Qərarın 18-ci bəndində qeyd edilən qanunvericiliyin normalarına əsasən yüksək hakim vəzifəsinə təyin edilmiş hakim kimi hüquqşünas ixtisası üzrə dövlət orqanında iş stajı onun hakimlik stajına hesablanmalıdır. ƏƏSMN-nin müvafiq qurumu məhkəmə qərarından apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşıb və əlavə olaraq qeyd edib ki, qanunvericilik hər iki halda istər yüksək hakim vəzifəsinə müvafiq qaydada təyin edilmiş şəxsin dövlət orqanlarındakı hüquqşunas kimi iş stajını, istərsə də prokurorluq orqanlarındakı iş stajını hakimlik stajına hesablanmasına nəzərə alıb. Ali Məhkəmə Kollegiyası da cavabdehin dəlillərini əsassız sayaraq qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsi hakimlik stajının hesablanması üçün xüsusi hüquqirejim yaradır. Bu maddədə nəzərdə tutulmuş qaydada, hüquq sahəsində ən azı 20 illik təcrübəsi və yüksək nüfuzu olan şəxslərin birbaşa yüksək hakim vəzifələrinə təyin edilməsi zamanı həmin şəxslərin uzun illər prokurorluqda, dövlət orqanlarında yaxud elm-təhsil müəssisələrində hüquq üzrə elmi və pedaqoji fəaliyyəti hakim kimi işlədiyi müddət hakimlik stajına daxil edilir. Norma hakimlik stajının faktiki deyil, hüquqi staj kimi hesablanmasını nəzərdə tutur. Yəni bu şəxslər əvvəlki dövrdə hakim işləməsələr də, qanun həmin dövrü müəyyən hüquqi nəticələr (sosial təminat, pensiya hüququ, hakim stajından asılı imtiyazlar) üçün hakimlik stajına bərabər tutur. Bu müddəa məzmun etibarı ilə “stajın hüquqi ekvivalenti” institutunu yaradır və məqsəd yüksək ixtisaslı hüquqşünasların məhkəmə sisteminə keçidini hüquqi və soisial baxımdan təmin etməkdir. Ali Məhkəmə də belə qərara gəlib ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri, 2015-ci ildən 2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində şöbə müdiri vəzifəsində işlədiyi müddət Ali Məhkəmənin hakimi kimi işlədiyi 8 il 2 ay 16 gün hakimlik stajına əlavə edilməklə, onun hakim kimi pensiya almaq hüququnu yaradır. Qərara görə, Tahir Kazımovun 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı daxil olmaqla) dövrü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80% miqdarında hakim kimi əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olub və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olub. Beləliklə nazirliyin müvafiq qurumunun kassasiya şikayəti təmin edilməyib. Geri qayıt |