Əsas Səhifə > Ana xəbər / Güney Press > “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı”

“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı”


Bu gün, 12:33

Məişət zorakılığı təkcə ailə daxilində baş verən hadisə deyil, həm də cəmiyyətdə illərlə formalaşmış stereotiplərin nəticəsidir.

Ən təhlükəli zərbə bəzən döyən şəxsdən yox, kömək üçün üz tutduğun insanların cavabından gəlir. Zorakılığa məruz qalan bir çox qadın ata evinə sığındıqda "hamı döyülə-döyülə arvad olur", "ailə sirri çölə çıxmaz", "ailəni dağıtma" "bir az döz, hər şey düzələr" kimi ifadələrlə qarşılaşır.

Valideynlərin zorakılığa məruz qalan qız övladını müdafiə etmək əvəzinə onu dözməyə təşviq etməsi bir çox qadının illərlə fiziki və psixoloji şiddət içində yaşamasına səbəb olur və illərdir cəmiyyətdə dolaşan stereotiplər bu gün məişət zorakılığının qarşısının alınmasında ən ciddi maneələrdən biri hesab olunur.

Bu düşüncə tərzi cəmiyyətimizdə niyə hələ də dəyişmir və zorakılığın davam etməsinə necə təsir göstərir?

Sosioloq Yusif Nəbiyev “Cebheinfo.az"-a açıqlamasında bildirib ki, zorakılığı adi hal kimi qəbul etmək ən böyük təhlükədir. O qeyd edib ki, bu cür ifadələr məişət zorakılığını legitimləşdirir:

"“Hamı döyülə-döyülə arvad olur” kimi ifadələr təəssüf ki, zorakılığı normallaşdıran sosial mexanizmlərdəndir. Ən təhlükəlisi də budur ki, bu tip stereotiplər bəzən yalnız kişilər tərəfindən deyil, qadınların özləri tərəfindən də nəsildən-nəslə ötürülür.

Fransız sosioloqu Pyer Burdyö məhz bunu “simvolik zorakılıq” adlandırırdı. Yəni insan ona zərər verən davranışı belə normal həyatın bir hissəsi kimi qəbul etməyə başlayır və belə olan halda zorakılıq təkcə evdə yox, cəmiyyətin düşüncə tərzində də yaşayır".

Sosioloq əlavə edib ki, ailəni qoruyuruq deyə, bəzən insanı qorumağı unuduruq:

"Valideynlərin qızlarına “nə olur olsun, döz” deməsi də bu qəbildəndir və təəssüf ki, əslində zorakılığı dayandırmır, sülh, əmin-amanlıq yaratmır, əksinə, zorakılığın ömrünü uzadır. Çünki bu "tövsiyə" qurbanın kömək istəməsinin qarşısını alır və zorakılıq edən şəxsə dolayı yolla cəzasızlıq hissi verir.

Zalım fərd düşünür ki, o, nə edirsə etsin, heç bir cəza ilə üzləşməyəcək. Bu, bir çox məişət problemlərinin təməlində duran amildir. Əlbəttə ki, ailə institutunu qorumaq vacibdir, amma zorakılığı qorumaq ailəni qorumaq demək deyil.

Acı da olsa, müşahidə etdiyimiz budur ki, biz bəzən ailəni o qədər qorumağa çalışırıq ki, ailənin içindəki insanı qorumağı unuduruq. Ailənin əslində insan üçün olduğunu, insanın rifahını təmin etməli olduğunu unuduruq". Yusif Nəbiyev vurğulayıb ki, hörmətin olmadığı yerdə ailə sağlam sayıla bilməz:

"Cəmiyyətin həqiqi sağlamlığını ölçmək istəyiriksə, bilməliyik ki, sağlam cəmiyyətin göstəricisi boşanmaların azlığı deyil, təhlükəsiz və hörmətə əsaslanan ailələrin çoxluğudur. Yəni kor-koranə şəkildə boşanmaları çətinləşdirmək bizə yaxşı heç nə vəd etmir.

Biz boşanmalara aparan əsas kök səbəbləri aradan qaldırmağa çalışmalıyıq. Uşaqlara və gənclərə səbr etməyi öyrədiriksə, bu əladır. Ailədə problemlər ola bilir və hər problem çıxanda ayrılmaq, boşanmaq haqda düşünmək absurd bir davranış olardı.

Lakin səbr və sədaqətlə yanaşı, övladlarımıza öz hüquqlarını qorumağı, zorakılığı isə heç vaxt norma hesab etməməyi də öyrətməliyik. Dözümlülük yaxşı xüsusiyyətdir, amma burada söhbət açıq-aydın zorakılığa, qeyri-insani davranışa dözməkdən getməməlidir".


Geri qayıt