Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qururBu gün, 08:08 |
|
Bayraktarın NATO-nun Ankarada keçirilən sammitindən dərhal sonra Bakıya gəlməsi diqqət çəkdi; Türkiyə ilə yanaşı İtaliya, Ukrayna, Slovakiya, Çexiya ilə də birgə hərbi istehsala başlanması istiqamətində mühüm işlər görülür Azərbaycan hərbi əməkdaşlıq coğrafiyasını ardıcıl şəkildə genişləndirir. Son günlər Bakıda baş tutan yüksək səviyyəli görüşlər göstərir ki, ölkə yalnız silah idxal edən dövlət kimi deyil, həm də regional hərbi-sənaye mərkəzi kimi mövqeyini möhkəmləndirmək istiqamətində yeni mərhələyə qədəm qoyur. Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, Cənab Prezident IV Şuşa Qlobal Media Forumunda dünyanın qlobal təlatümlərinə münasibətdə “sakit həyat olmayacaq” fikrini səsləndirmişdi: “Azərbaycanı uzun illər Qarabağ Zəfərinə hazırlayan, iqtisadi-enerji və hərbi imkanlarını qalib siyasətin realizasiyasına səfərbər edən bir Lider yeni geosiyasi reallıqlar fonunda ölkəmizin hərbi imkanlarının daha da genişləndirilməsinin vacibliyini strateq duyumu ilə hiss edir. Odur ki, ölkəmizin müdafiə qabiliyyətinin və hərbi məhsulların ixracının artırılması, ordumuzun NATO standartlarında inkişaf etdirilməsi, arsenalımıza yeni silahların qəbul edilməsi, o cümlədən hərbi potensialın strateji tərəfdaşlarla birgə istehsal üsulu ilə daha da artırılması qarşıdakı dövrdə dövlətimizin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Hazırda Azərbaycan yüzdən artıq hərbi məhsul istehsal edir və onların bir qismi ixrac olunur. Xüsusilə Türkiyə ilə birgə istehsalın vacib əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Qarşıdakı dövrdə Türkiyə ilə yanaşı İtaliya, Ukrayna, Slovakiya, Çexiya ilə də birgə hərbi istehsala başlanması istiqamətində mühüm işlər görülür. Xüsusilə Türkiyə-Ukrayna-Azərbaycan üçtərəfli əməkdaşlığı üzərində dayansaq, qeyd etmək lazımdır ki, burada Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın ədalətli, beynəlxalq hüquqa uyğun mövqeyi vacib məqam olaraq dəyərləndirilir. O cümlədən Qarabağ Zəfərindəki təcübənin mübadiləsi ikitərəfli hərbi əməkdaşlığa yeni çalar qatır. Belə ki, Qarabağ müharibəsi PUA-ların kütləvi istifadəsinin qlobal müharibə strategiyalarında mühüm dönüş nöqtəsi oldu. Artıq müharibələrdə sadəcə PUA-ların tətbiqi deyil, o cümlədən anti-PUA sistemlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Türkiyə və Ukrayna ilə birgə bu sistemləri yaratmaq və inkişaf etdirmək istiqamətində əməkdaşlığı bir daha qlobal müharibə strategiyalarında dönüş yarada biləcək potensialı özündə daşıyır. Həmçinin İtaliya, Slovakiya, Çexiya Azərbaycanın Avropa İttifaqındakı əsas strateji tərəfdaşları arasında yer alırlar. Bu ölkələrlə birgə istehsal Azərbaycanın Qərbin hərbi imkanlarından faydalanmağa imkan verəcək. Ermənistanın xüsusilə Fransa ilə artan hərbi-strateji əməkdaşlığı fonunda Azərbaycanın bu siyasəti mühüm çəkindirmə vasitəsi olaraq dəyərləndirilə bilər. Hərbi-siyasi qüdrətimizin, Cənubi Qafqazda liderliyimizin qorunması həm də Zəfərimizin qorunması üçün əsas təminat olacaqdır”. Geri qayıt |