Əsas Səhifə > Ana xəbər / Güney Press > Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır"
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır"Bu gün, 06:24 |
|
Son günlər ölkəmizdə limonun qiyməti artıb. İstər paytaxtda, istərsə də bölgələrdə limon əvvəlki aylarla müqayisədə kəskin bahalaşıb. Əgər bir müddət əvvəl bu sitrus meyvəsi pərakəndə satışda bəzən 4 ədədi 1 manata, yaxud ədədi 50 qəpyə təklif olunurdusa, indi bəzi marketlərdə bir ədəd limonun qiyməti 1-1,50 manat arasında dəyişir. Kiloqramla satışda da artım müşahidə olunur, indi paytaxt Bakının bazar və marketlərində bir kiloqram limon ortalama 6-7 manat arasında təklif edilir. Məhz hər evdə istehlak edilən bu məhsul Azərbaycanın subtropik rayonlarında, xüsusilə də Lənkəran, Astarada daha çox yetişdirilir. Bu gün isə paytaxtda demək olar ki, yerli məhsul tapılmır, marketlərdə ancaq idxal məhsulları üstünlük təşkil edir. Keyfiyyətinə gəldikdə, yerli limon, idxal məhsullarından daha üstündür. Maraqlıdır, Azərbaycan limon istehsalçısı olduğu halda niyə bu gün bazarlarda limon tapılmır və idxal qiymətləri isə bu qədər yüksəkdir? Məsələ ilə bağlı Liveral İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda limon payızda yetişir və artıq yay fəslidir, ötənilki yerli limon tamamilə bitib: “Adətən mart-aprel aylarına qədər yerli limon qurtarır. İstehsal həcmi o qədər böyük deyil ki, ilboyu limon yerli tələbatı ödəsin. Xaricdən, xüsusilə də Türkiyədən idxal edilir ki, orada da ötən il şaxtalar oldu və məhsuldarlığı aşağı saldı. Saxlama kameralarındakı limonların sayı azdır. Konkret olaraq hazırkı bahaçılıq qıtlıqla əlaqədardır. İki aydan sonra builki yeni limon bəhər verəcək. Marketdəki, bazardakı bütün qıtlıq limon ehtiyatlarının tükənməsi ilə bağlıdır. Ehtiyatı anbarlarda saxlamaq mümkündür. Bizim anbarlaşdırdığımız məhsul yay gəlmədən tükənir. Ancaq istehsalı genişləndirmək potensialı var. Azərbaycanda sitrus meyvələrinin istehsalının genişləndirilməsi istiqamətində proqram qəbul olundu. Həmin proqram 2028-2025-ci illəri əhatə etdi. Maksimum istehsal həcmi 2025-ci ildə 75 min tona çatdı. Ancaq hədəf 100 min ton idi. Həmin hədəfə çata bilmədik. Orada məxsusi olaraq limon istehsalı nəzərdə tutulmamışdı. Proqramda ümumilikdə sitrus meyvələrinin istehsalı nəzərdə tutulurdu. Növbəti illərdə yeni dövlət proqramı qəbul ediləcək və istehsal genişləndiriləcək. Yerli istehsal olan limon tələbatın təxminən 40 faizini ödəyir, 60 faiz xaricdən idxal olunur”. Onun sözlərinə görə, fermerlərin də bazara çıxış imkanları çox məhduddur: “Yerlərdə limonun birini 10 qəpiyə alıb, gətirib Bakıda 50 qəpiyə satırlar. Yəni fermer 10 qəpik, gətirib bazarda satan isə 40 qəpik gəlir əldə edir. Biz bütün kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində cəhdlər edir, dövlət proqramları qəbul edirik. Ancaq həmin məhsulların bazara çıxarılması ilə bağlı məsələlərin həlli Dövlət Proqramlarından kənarda qalır. Bakı kimi böyük şəhərin cəmi bir “Meyvəli” kimi topdansatış bazarı var. Əslində 3-4 ədəd belə bazar olmalıdır. Həmin bazarları hökumət təşkil etsə, daha yaxşı olar. Orada giriş-çıxış “Meyvəli”dəki kimi baha başa gəlməməlidir. Fermer üçün məhsulunu gətirib Bakıda satmaq ona sərf eləmir, imkanı yoxdur. Hökumət fermerə imkan yaratmalıdır ki, əgər o hər hansı məhsulu yetişdirirsə, bir kommersiya qurumu da olsun və həmin məhsulların satışını təşkil etsin. Kommersiya qurumları da həmin məhsulları Bakıya gətirib əhaliyə asanlıqla çatdıra bilsin. Belə olduqda fermer yetişdirdiyi məhsuldan mənfəət götürə bilər. Əslində Azərbaycanda fermerlər nadir hallarda mənfəət götürə bilir. Fermer təsərrüfatları da pərakəndədir. Torpaqların birləşdirilməsi, kooperativlərdə birləşdirilib, məhsul götürüb, həmin kooperativin də kommersiya şöbəsini yaratmaq, yəni fermer üçün həm məhsulu istehsal edib həm satmaq daha səmərəli olar. O halda fermer daha çox mənfəət götürər. Həm də istehlakçı olan şəhər əhalisi də qazanacaq. Təəssüflər olsun ki, hökumət məsələnin bu hissəsinə diqqət yetirmir”. Geri qayıt |