Əsas Səhifə > Ana xəbər / Güney Press > AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi

AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi


Bu gün, 06:05

Mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müəssisələrdə plandankənar yoxlama keçirib.

Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinovun sözlərinə görə, bu fakt adi nöqsan kimi qəbul edilə bilməz:

"Bu gün "Azəridad" toyuq kolbasasından bu tüklərin çıxmasını qida haqsızlığı və müştərilərin hüquqlarının pozulması kimi qiymətləndirirəm. İndiyədək heç bir kolbasa şirkəti açıq qapı günü elan etməyib, hər hansı qida ekspertlərini, qida mütəxəssislərini ora dəvət etməyib ki, gəlin bir baxın, bizim müəssisədə istehsalat bu vəziyyətdədir. Biz müəssisədə hansı xammaldan istifadə edirik, istehsal etdiyimiz məhsulların tərkibinə hansı qatqıları vururuq. Nə də AQTA indiyədək ekspertləri yığıb hansısa kolbasa şirkətinə dəvət etməyib ki, gəlin buradakı vəziyyətlə tanış olaq".

Ekspert diqqətə çatdırdı ki, "Azəridad" kolbasa şirkəti istehsal etdiyi məhsullarla birbaşa istehlakçıların cibinə girməklə yanaşı, həm də istehlakçıların həyatını təhlükə altına qoyur:

"Bu fakt adi texniki nöqsan kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, qida təhlükəsizliyi güzəşt qəbul etmir. Bu birmənalıdır. Əgər kolbasa istehsalında toyuq dərisi tükdən təmizlənmədən istifadə olunursa, bu, müəssisədə sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğunu və ümumiyyətlə, gigiyenanın olmadığını göstərir. Belə başa düşürəm ki, bu şirkətdə daxili nəzarət mexanizmi işləmir.

AQTA-nın yoxlaması zamanı yalnız tük məsələsi deyil, həm də xammalın müşayiətedici sənədlərinin olmaması, etiketlənmə qaydalarının pozulması da ortaya çıxdı. Bu, yalnız kiçik qüsur deyil. Bu, qida təhlükəsizliyi sistemində bir neçə ciddi pozuntunun olduğunu göstərir. Bəzən insanlar düşünə bilər ki, məhsul isti emaldan keçir, onun tərkibində heç bir problem ola bilməz. Amma qida təhlükəsizliyi yalnız bişirməklə təmin olunmur. Burada istehsalın hər mərhələsində gigiyenik xammalın mənşəyinin izlənməsi mexanizmi var, HACCP proqramı tətbiq olunmalıdır. Əfsuslar olsun ki, bu gün HACCP (qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan beynəlxalq idarəetmə sistemi) proqramını bəzən elə sadəcə sənəd üzərində qeydiyyatdan keçirirlər və bununla da kifayətlənmiş olurlar. Baş verənlər keyfiyyətə nəzarət mexanizminin də olmadığını göstərir".

Müsahibimizin fikrincə, AQTA-nın da üzərinə ciddi vəzifələr düşür:

"Əgər müəssisədə təkcə toyuq tükünün istifadəsi deyil, həm də sənədsiz xammal, etiketləmə pozuntuları və digər nöqsanlar aşkarlanıbsa, bu o deməkdir ki, bunlar bir günə yaranmayıb. Burada belə pozuntular istehlakçının şikayətindən sonra deyil, dövlət nəzarəti zamanı vaxtında aşkarlanmalı idi, yəni AQTA-nın nəzarəti zamanı aşkarlanmalı idi. AQTA-nın vəzifəsi təkcə pozuntunu aşkarladıqdan sonra tədbir görmək deyil, həm də bu cür məhsulların bazara çıxmasının qarşısını almaqdır. Yəni istehlakçı təhlükəli, keyfiyyətsiz məhsulla qarşılaşdıqdan sonra görülən tədbirlər, bilirsiniz nəyə oxşayır? O, arxadan atılan daşın topuğa dəyməsi məsələsi var. Mən bunu bu cür qiymətləndirirəm. Burada AQTA-nın nəzarət mexanizmi əvvəlcədən olmalı idi, yəni şikayətdən sonra olmamalı idi".


Geri qayıt