Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər
Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlərBu gün, 16:21 |
|
Son vaxtlar sosial şəbəkələrdə xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin üzləşdikləri problemlərlə bağlı məlumatlar yayılıb. Bildirilir ki, xaricdə Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələrin bir qismi təhsil aldıqları ali təhsil müəssisələrindəki ixtisaslarını dəyişmək məcburiyyətində qalırlar və bu zaman ciddi çətinliklərlə qarşılaşırlar. Nəticədə isə Azərbaycan Elm və Təhsil Nazirliyi onların təhsil hüququnu ləğv edir.Hətta bu barədə media nümayəndəsi Esmira Qasımova “Facebook” səhifəsində öz övladı ilə bağlı qarşılaşdığı problemə geniş yer verib. O, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bir il oxuyub fakültəsini dəyişməyə məcbur olduğu üçün Azərbaycana gələcəyi təqdirdə ölkədən çıxışına “stop” qoyulan tələbə qızına müraciətində qeyd edir ki, “Mənim ürəyim, sən vətənə gəlməyəli 2 il oldu. Tətilə qayıdan qardaşın Muhamməd məndən soruşur “mən Amerikada kampusda işləyib hər ay sənə 200-300 manat pul göndərə bilsəm, Zümrüdün Dövlət Proqramına olan borcundan ödəsən, onun “stop”u götürülər? Paylaşımlarında da “ölkəmə getmək istəyirəm, amma o məni deyəsən, istəmir” yazmısanmış. Mənim balam, axı sən təhsil ardınca Belçikaya yola düşəndə çamadanına ilk qoyduğun şey böyük bayrağımız olmuşdu. Ölkəndən, vətənindən küsmə, gülüm. Onun zərrə qədər də günahı yoxdur. Vətən hamımızın anasıdır, hamımızı sevir, bunu unutma. 10 il, 20 il sonra əlbbət ki, bura qayıda biləcəksən, doyunca gəzib dolaşacaqsan. Vətənə borcun da qalmayacaq. Qızım Brüsselin KU Leuven ali təhsil müəssisəsinə IT mütəxəssisi olmaq üçün oxumağa getdi. Dövlət Proqramı təhsili və digər xərclərini maliyyələşdirdi. Oxuduğu bir il müddətində fakültənin sənaye mühəndisi hazırladığını öyrəndi. Universitetin ağır proqramına 1-ci kursda oxuyan 33 azərbaycanlı tələbədən 29-u dözməyərək ixtisası dəyişməli oldu, qızım da həmçinin. Eyni universitetin başqa ixtisasında istəmədən davam etdi. Bu sırada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi proqramın tələblərini pozmuş tələbələri məhkəməyə verdi. Qızım Brüsseldə təhsil prosesində olduğu üçün məhkəmə prosesində iştirak edə bilmədi. Məhkəmə Dövlət Proqramının maliyyələşdirdiyi vəsaitin iki ay ərzində qaytarılması barədə qərar çıxardı. Qızımı öz vəsaitim hesabına oxutduğum üçün banklara xeyli borcumun olması əl-qolumu bağladı. Nəticədə icraya yönəldilən iş qızımın ökəyə gələcəyi təqdirdə çıxışına “stop” qoyuldu. Yəni tələbə ölkəyə tətilə gələrsə, bu pulu ödəməsə, qayıdıb təhsilini davam etdirə bilməz. Ona görə də uşağım vətənə qayıda bilmir. Əks təqdirdə, təhsili, gələcəyi tamamilə məhv olacaq”. Qeyd edək ki, xaricdə təhsil alan 30-dan çox azərbaycanlı tələbənin eyni problemlər üzləşdiyi deyilir. Doğurdanmı Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin ixtisasını dəyişməsinə icazə verilmir və indiyədək neçə tələbə barəsində məhkəmə qərarı var? Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupundan “Cebheinfo.az”-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş "Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası"nın 3.11-ci bəndinə, eləcə də proqram iştirakçıları ilə bağlanmış Nümunəvi Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən, təhsil müddətində tələbələrin ixtisas istiqamətlərinin dəyişdirilməsinə birmənalı olaraq yol verilmir: “İxtisasın dəyişdirilməsi müqavilə şərtlərinin kobud pozuntusu hesab edilir və bu halda qaydalara əsasən şəxsin proqram iştirakçılığı ləğv edilərək ona çəkilmiş xərclərin 2 ay ərzində dövlətə geri qaytarılması tələb olunur. Lakin ixtisasını dəyişdiyi üçün barəsində məhkəməyə müraciət edilmiş tələbələrin dəqiq statistik sayının rəqəmlə ifadə edilməsi metodoloji və hüquqi baxımdan uyğun hesab edilmir. İxtisas dəyişimi də daxil olmaqla, müqavilə öhdəliklərini pozan hər bir hal İdarəetmə Qrupu tərəfindən fərdi qaydada araşdırılır və dövlət vəsaitinin qanunvericiliyə uyğun olaraq geri qaytarılması istiqamətində zəruri hüquqi tədbirlər görülür”. Nigar Abdullayeva Geri qayıt |