Əsas Səhifə > Ana xəbər / Güney Press > Əziyyət çəkib verilişə bir də baxın!

Əziyyət çəkib verilişə bir də baxın!


Bu gün, 07:18

Bəzi tamaşaçılarıma!
Siz mənim iştirak etdiyim “Media masası” -na baxmamısınız. Ya da baxmısınız, amma görməmisiniz. Mənim fikirlərimin əsas qayəsi Azərbaycanın (və təkcə Azərbaycanın yox, istənilən müstəqil dövlətin!) müstəqilliyini təhdid edən, məqsədi vətəndaşı əvvəl sakinə, sonra adi canlıya və ya bioloji detala çevirmək olan tendensiyalar fonunda Televiziyanı bir Dövlətçilik İnstitutu, Milli Mövcudluğun, Milli Eksklüzivliyin müdafiə aləti olaraq qorumağa çağırışdan ibarətdir. Vətəndaşı dövlətə bağlılıqdan ayıran, onu hansısa Yadelli Rəqəmsal “Xozeyinin” iradəsinin əsarətinə salmaq iqtidarında olan istənilən səbəb özündə milli müstəqillik üçün risk daşıyır. Hansısa təhqir, təhdid, ya da yumşaq desək tərbiyəsizlik, xarici xüsusi xidmətlərin açıq, yaxud gizli tapşırıqlarını ixtiyari və ya qeyri-ixtiyari yerinə yetirən şübhəli daşıyıcını tənbeh etmək məqsədilə Azərbaycan Qanunları bir addım atanda eyni ağızdan haray çəkərək “Vay, söz azadlığı pozuldu, vay “filanbəyə azadlıq, vay “Abzasa”, “Topluma” azadlıq!-bağıranlar, eyni addımı Mark Zuckerberg atanda, paylaşımlara qadağalar qoyanda, hesab bağlayanda, növ-növ digər cəzalar verəndə pişik kimi onun ayaqlarına yalmanır, yaltaqlanır, yalvarır, dili qarnına girir, uzağı irişərək “məni 1 aylıq blokladılar!” və s. tipli elan vermələrdən o yana keçmir. Sabah rəqəmsal platformaların əsl sahibi, idarə edəni bu gün bəh-bəhlə imkanlarından bəhrələndiyiniz, əslində ustalıqla çərpələnginə çevrildiyiniz məkana girişi bütün ölkə üçün MƏQSƏDLİ (!) bağlayanda nə edəcəksiniz? Bir saatlığa hardasa rəqəmsal problem yarananda “Whatsap çökdü, filan şey açmadı, set yoxdu!” deyə başına döyənlər, uzaqgörən olun. Ona görə də Rəqəmsal Suverenlik anlayışı ətratında daha çox düşünün. Qanunları öyrənin! Sosial şəbəkələrdən istifadə edin əlbəttə, amma Dövlət maraqlarına uyğun düşünmək hissi aşılayın özünüzə. Biz rəqəmsal istehsalçı olmağa çalışmalıyıq. İstehlakçı olmaqla iş bitmir. Mühəndis olmalıyıq. Özümüz! Bu saat dünyanın yenidən bölüşdürülmə prosesi gedir. Və yalnız Yerdə yox. Həm də Şüurları bölürlər. Milli İdrakları bölürlər. Müqavimət göstərməli, milli şəxsiyyətimizi qorumalıyıq. Gələcək minilliklər üçün! Həyat isə yalnız xəbərdən ibarət deyil. Daha çox şayiə, daha çox qeyri-ciddi məlumatlar yayan internet, youtube budkalarından ibarət deyil. Mən Televiziyadan danışıram. O Televiziyadan ki Nəhəng Mədəniyyətdir! Milli Tarixdir. Milli Şüurdur. Milli İdmandır. Milli Hərbdir! Milli Kinodur. Milli Səhnədir. Və…yüzlərlə başqa milli sahələrimizdir! Ölkəni, xalqı bir yerdə görmək, Görə Bilmək imkanıdır. Mən öz çıxışımı bir dəqiqəlik, yarım dəqiqəlik beyinlər üçün, nəzərdə tutmamışam. Nə vacib işə qarışıb görəsən birdəqiqəliklərin, yarımdəqiqəliklərin beyinləri ki sürəkli nələrəsə baxmağa macalı yoxdur?? Motsartın əsərlərinə, Folknerin yaradıcılığına, “Koroğlu” operasına səbri çatanlardır mənim auditoriyam! Ona görə də əziyyət çəkib verilişə bir də baxın! Problem məndə deyil! Sizdədir.
Müəllif: Mir Şahin Ağayev - "DİA-AZ"

Geri qayıt