Əsas Səhifə > Ana xəbər / Güney Press > Tehrandan Bakı və Ankaraya xəbərdarlıq

Tehrandan Bakı və Ankaraya xəbərdarlıq


Bu gün, 07:48

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi Tehranın diplomatik reaksiyasına səbəb olub.

İranın Ermənistandakı səfiri bu qərarı “yadda saxlayacaqları” mesajını verərək, Bakı və Ankaraya qarşı sərt ritorika nümayiş etdirib.

Bəs bu açıqlama diplomatik narazılıqdır, yoxsa daha geniş siyasi mesaj ehtiva edir? Səfirin “Hər iki prezident Tehranda gözlənilirdi” sözləri nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın mərhum ali dini rəhbəri Əli Xameneinin dəfn mərasimində Azərbaycan və Türkiyə yüksək səviyyədə təmsil olundu:

“Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova, baş naziri müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, Türkiyəni isə yüksək səviyyəli nümayəndə heyəti təmsil etdi.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə prezidentlərinin bu tədbirdə iştirak etməməsi normal haldır. Çünki İranın ali dini rəhbəri dövlət başçısı ilə eyni statusa malik seçkili vəzifə deyil. İranın xalq tərəfindən seçilən prezidenti var və məhz o, digər dövlətlərin prezidentləri ilə eyni protokol səviyyəsində qiymətləndirilir. Bu baxımdan, Azərbaycan və Türkiyə prezidentlərinin mərasimə qatılmaması diplomatik protokol baxımından təbii hesab edilməlidir.

Buna baxmayaraq, İran tərəfi yenə də məsələni Azərbaycan və Türkiyəyə qarşı irad kimi təqdim etməyə çalışır. Halbuki son regional proseslərdə Bakı və Ankaradan Tehrana qarşı hər hansı hərbi və ya siyasi təhdid olmayıb. Əksinə, bəzi məsələlərdə İranın dövlət maraqları ilə Azərbaycan və Türkiyənin mövqeləri üst-üstə düşüb.

Buna görə də, İranın Azərbaycan və Türkiyə prezidentlərinin mərasimdə iştirak etməməsini özünə qarşı antaqonist münasibət kimi təqdim etməsi obyektiv yanaşma deyil. Tehran bu cür yanaşmalar əvəzinə, ikitərəfli münasibətlərin inkişafına xidmət edən addımlara üstünlük verməlidir”.


Geri qayıt