Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi

Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi


Dünən, 15:07

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya son səfərinin gözlənilən nəticəni vermədiyi bildirilir. Erməni mətbuatının iddiasına görə, səfərdən sonra hökumət dairələrində narahatlıq artıb və Moskva ilə münasibətlərdə problemlərin davam etdiyi müzakirə olunur.

"Hraparak" qəzetinin məlumatına görə, iyulun 6-da Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirak etmək üçün yola düşən və səfərin təşəbbüskarı olan Nikol Paşinyan Moskvanı inandıra və ixrac məsələsini həll etmək üçün verdiyi açıq vədi yerinə yetirə bilməyib. Xatırladaq ki, seçkilərdən əvvəl o, cəsarətlə Moskvaya gedəcəyinə və bütün məsələlərin bir neçə gün ərzində öz yerini tapacağına söz vermişdi.

 Sherg.az-a bildirib ki, Nikol Paşinyanın Moskvaya son səfərinin Ermənistanın gözləntilərini tam doğrultmaması və xüsusilə ixrac problemlərinin həlli istiqamətində konkret nəticələrin əldə olunmaması İrəvan-Moskva münasibətlərində mövcud fikir ayrılıqlarının hələ də davam etdiyini göstərir: "Bununla belə, bu vəziyyəti Ermənistanın artıq qəti şəkildə geosiyasi seçim etməyə məcbur qalması kimi qiymətləndirmək hələ tez olardı. Çünki Ermənistan hazırda həm Rusiya ilə ənənəvi münasibətlərini qorumağa, həm də Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirməyə çalışdığı mürəkkəb çoxvektorlu siyasət yürüdür.

Son illərdə Ermənistanın Avropa İttifaqı və ABŞ-la münasibətlərini əhəmiyyətli dərəcədə intensivləşdirməsi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq formatlarını genişləndirməsi faktdır və bu Moskvanın narahatlığını artıran əsas amillərdir. ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə əldə olunan razılaşmalar da Rusiyada Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilir. Ermənistan isə bu layihəni ölkənin suverenliyi qorunmaqla regional nəqliyyat və iqtisadi inteqrasiyanı gücləndirəcək təşəbbüs kimi təqdim edir.

Moskvanın İrəvana müxtəlif istiqamətlərdə təzyiq imkanlarının qalması da reallıqdır. Ermənistanın enerji təminatının əhəmiyyətli hissəsi Rusiyadan asılıdır, ölkədə Rusiya hərbi bazası fəaliyyət göstərir, iqtisadi əlaqələr, xüsusilə əmək miqrasiyası və pul köçürmələri Ermənistan iqtisadiyyatı üçün hələ də mühüm rol oynayır. Bundan əlavə, Ermənistan ixracının əhəmiyyətli hissəsi Avrasiya İqtisadi Birliyi bazarına yönəlir. Belə şəraitdə Rusiya iqtisadi və siyasi alətlər vasitəsilə İrəvana təsir imkanlarını tam itirməyib".

Politoloq qeyd edib ki, Ermənistan tədricən də olsa xarici siyasətini diversifikasiya etməyə çalışır:

"Avropa İttifaqı ilə siyasi dialoqun genişlənməsi, ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi və yeni regional kommunikasiya layihələrinə maraq İrəvanın yalnız bir geosiyasi mərkəzdən asılı qalmaq istəmədiyini nümayiş etdirir. Lakin bu da, Rusiyadan tam uzaqlaşmaq anlamına gəlmir. Ermənistan rəhbərliyi mümkün qədər balansı qorumağa çalışır və Moskva ilə münasibətlərin tam qırılmasının iqtisadi və təhlükəsizlik baxımından ciddi risklər yarada biləcəyini anlayır. Çünki Ermənistan hələ ki, Rusiya asılılığından qurtarmaq üçün alternativləri formalaşdırmağı bacarmayıb.

Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsinə gəldikdə isə, hazırkı mərhələdə bunun yaxın perspektivdə reallaşması yüksək ehtimal kimi görünmür. Ermənistanın xarici ticarətinin mühüm hissəsi Aİİ ölkələrinin payına düşür, logistika və gömrük mexanizmləri bu bazara inteqrasiya olunub. Belə bir qərar qısa müddətdə Ermənistan iqtisadiyyatı üçün əlavə xərclər və yeni uyğunlaşma problemləri yarada bilər. Bundan başqa, Aİ və ABŞ Ermənistanla əməkdaşlığı genişləndirsələr də, hələlik Aİİ bazarını tam əvəz edə biləcək iqtisadi mexanizmlər formalaşmayıb.

Odur ki, Paşinyanın Moskva səfərinin gözlənilən nəticəni verməməsi və Rusiya ilə fikir ayrılıqlarının qalması iki ölkə arasında etimad böhranının dərinləşdiyini göstərən siqnallardan biridir. Lakin bunu Ermənistanın artıq qəti geosiyasi seçim etdiyini söyləmək üçün kifayət qədər əsas hesab etmək düzgün olmazdı. Düşünürəm ki, İrəvan yaxın illərdə də balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməyə çalışacaq. Avrasiya İqtisadi Birliyindən çıxmaq isə yalnız iqtisadi alternativlər kifayət qədər gücləndiyi, təhlükəsizlik təminatları yenidən formalaşdığı halda mümkün ola bilər. Hazırkı şəraitdə belə bir addım siyasi baxımdan mümkün müzakirə mövzusu olsa da, praktiki baxımdan hələlik real görünmür".


Geri qayıt