Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR?
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR?Bu gün, 12:39 |
|
Bu gün qida bazarında bir çox marka var ki, reklamları, tanıtımları və geniş yayılmış satış şəbəkələri ilə diqqət çəkir. Amma hər hansı məhsulun məşhur simalar vasitəsilə reklam olunması onun avtomatik olaraq yüksək keyfiyyətli və təhlükəsiz olması anlamına gəlmir.
Əsas məsələ həmin məhsulun hansı şəraitdə istehsal olunması, istifadə edilən xammalın keyfiyyəti və istehlakçıya təqdim edilən qidanın təhlükəsizliyidir.
"DİA-AZ" xəbər verir ki, “Rosko” brendi “Harun N” MMC-yə məxsusdur. Açıq reyestr məlumatlarına görə, şirkət 2024-cü ildə qeydiyyata alınıb. Maraqlı məqam ondan ibarətdir ki, şirkətin nizamnamə kapitalında qısa müddət ərzində ciddi dəyişikliklər baş verib.
Şirkətin nizamnamə kapitalı 2025-ci ilin fevral ayınadək 50 manat olub. Daha sonra bu məbləğ 965 050 manata qədər artırılıb. 2025-ci ilin may ayında isə nizamnamə kapitalı 3 776 050 manata çatdırılıb. Bir neçə ay ərzində baş verən bu dəyişikliklər diqqət çəkən məqamlardan biridir.
“Harun N” MMC-nin qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur. O, daha əvvəl “Zəhmət-Ruzi” MMC-yə rəhbərlik edib. Həmin şirkət “Sab” ticarət nişanı ilə ət məhsullarının istehsalı və satışı ilə məşğul olub.
Digər diqqətçəkən məqam isə şirkətin əvvəlki qanuni təmsilçisi ilə bağlıdır. 2025-ci ilin fevral ayınadək “Harun N” MMC-nin qanuni təmsilçisi Axundzadə Rasim Elmar oğlu olub.
Rasim Axundzadə ilə bağlı isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2021-ci ildə yaydığı məlumat mövcuddur.
AQTA-nın məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin açıqlamasında bildirilirdi ki, müəssisədə mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı E124 qida əlavəsindən istifadə edildiyi müəyyən olunub. Həmçinin məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında nöqsanlar aşkar edilib.
Yoxlama zamanı avadanlıqların yuyulması prosesində də çatışmazlıqlar müəyyən edilib, lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə olunmadığı bildirilib.
Müəssisədən götürülən nümunələr laborator müayinəyə təqdim olunub, 375 kiloqram toyuq farşı dövriyyədən çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
Bütün bunlar bir sıra suallar yaradır. Qida istehsalı elə bir sahədir ki, burada şəffaflıq və nəzarət xüsusi əhəmiyyət daşıyır.
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub? İstifadə olunan xammalın mənbəyi haradır? Müəssisədə sanitariya və qida təhlükəsizliyi tələblərinə hansı səviyyədə əməl olunur?
Bu sualların cavabı reklam çarxlarında deyil, şəffaf yoxlamalar və rəsmi açıqlamalarla ortaya çıxmalıdır. Çünki söhbət insanların gündəlik istifadə etdiyi qida məhsullarından və birbaşa sağlamlıq məsələsindən gedir.
Müəllif: Arifə Əliyeva
Geri qayıt |