Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilər Sinirlioğlunun istefasını tələb edir

Ermənilər Sinirlioğlunun istefasını tələb edir


Bu gün, 10:12

Əgər bu iddialar təsdiqini tapsa...

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən qarşıdurma artıq yeni mərhələyə qədəm qoyur. Bu dəfə müzakirələrin mərkəzində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlunun adı hallanır. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sabiq vitse-spiker Eduard Şarmazanov iddia edib ki, ATƏT rəhbəri baş nazir Nikol Paşinyanın erməni katolikosunu vəzifədən uzaqlaşdırmaq cəhdlərinə dəstək verməyə hazırdır. Əgər bu iddialar təsdiqini tapsa, söhbət artıq təkcə Ermənistanın daxili siyasi böhranından deyil, beynəlxalq təşkilatların ölkənin ən həssas institutlarından biri hesab edilən kilsəsi ətrafında gedən proseslərə cəlb olunmasından gedəcək.
Şarmazanov hesab edir ki, hakimiyyətin kilsəyə qarşı apardığı siyasət sırf daxili siyasi qərar deyil. Onun fikrincə, “bu kampaniyanın arxasında Türkiyə başda olmaqla” xarici siyasi mərkəzlərin maraqları dayanır. Erməni müxalifəti uzun müddətdir Paşinyanı ölkənin milli kimliyini formalaşdıran əsas institutları zəiflətməkdə ittiham edir. Onların fikrincə, hökumətin kilsəyə münasibəti təsadüfi deyil və Ermənistanın tarixi-siyasi identikliyinin dəyişdirilməsi strategiyasının tərkib hissəsidir. Bu fonda ermənilər indi də ATƏT-i də müzakirələrin mərkəzinə çəkir. Təşkilat uzun illər regionda neytral vasitəçi obrazını qorumağa çalışsa da, Ermənistan müxalifəti indi onu daxili siyasi proseslərə müdaxilədə ittiham edir. Şarmazanov açıq şəkildə ATƏT rəhbərinin istefası məsələsinin qaldırılmasını tələb edir və bildirir ki, təşkilat bu iddialara münasibət bildirməsə, onun qərəzsizliyi ciddi sual altına düşəcək.
Məsələnin digər diqqətçəkən tərəfi isə Ermənistan daxilində siyasi mübarizənin artıq dövlət institutları ilə məhdudlaşmamasıdır. Kilsə, milli kimlik, tarixi yaddaş və geosiyasi seçimlər eyni siyasi qarşıdurmanın elementlərinə çevrilib. Bu isə ölkədə siyasi böhranın daha da dərinləşdiyini göstərir.
Hazırda nə ATƏT, nə də baş katib Feridun Sinirlioğlu Şarmazanovun səsləndirdiyi iddialara münasibət açıqlayıb. Bununla belə, bu cür ittihamların səslənməsi belə Ermənistanın daxili siyasi gündəminin geosiyasi müstəviyə keçdiyini göstərir. Kilsə ətrafında başlayan qarşıdurma artıq təkcə dini və ya daxili siyasi məsələ deyil, müxtəlif beynəlxalq güclərin təsiri barədə mübarizənin də əsas mövzularından birinə çevrilməkdədir.
Qeyd edək ki, Feridun Hadi Sinirlioğlu 1956-cı ildə anadan olub. Türkiyə diplomatıdır və Ankara Universitetinin məzunudur. Diplomatik fəaliyyətə 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində başlayıb. Uzun illər nazirliyin müxtəlif rəhbər vəzifələrində çalışıb, Türkiyənin xarici siyasətinin formalaşdırılmasında iştirak edib. Karyerası ərzində Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri və baş müşaviri, 2009–2015-ci illərdə xarici işlər nazirinin müavini, 2015-ci ildə isə Türkiyənin xarici işlər naziri vəzifəsini icra edib. 2016–2023-cü illərdə Türkiyənin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi olub. 2024-cü ilin sentyabrından ATƏT-in baş katibi vəzifəsini tutur. ATƏT-in Baş katibi kimi isə təşkilatın gündəliyində olan münaqişələr, demokratik institutların inkişafı, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərinin koordinasiyasına cavabdehdir.

Musavat.com


Geri qayıt