|
Cənub rayonlarının birində üç uşağından ikisi xəstə olan, illərdir zülm çəkən bir qadının əsəbləri tab gətirməyib, süfrənin üstündəki bıçaqla ərinə vurduğu bir zərbə ilə onun həyatına son qoyub... Hadisədən dərhal sonra qadın qayınatasına xəbər verib, birlikdə onu xəstəxanaya aparıblar, amma həkimlər həyatını xilas edə bilməyiblər. Təsəvvür edin, bu qadının qayınatası - zərərçəkmiş qismində tanınan adam deyib ki, buraxın gəlini, onun günahı yoxdur, illərdir əziyyət çəkirdi, oğlum onu incidirdi: “Bu gəlin öz uşaqları ilə birlikdə mənim qızımın da uşaqlarına baxırdı. Qızımın həyat yoldaşı rəhmətə gedib, ona görə bizimlə qalır. Qızım işləyirdi, uşaqlarına gəlin baxırdı”. Elə qayınana da bənzər ifadə verib. Hadisə günü xəstə uşaqların dərmanlarının aptekə borcuna görə evdə mübahisə yaranıbmış... Bir var, adi qaydada qəsdən adam öldürmə - Cinayət Məcəlləsinin 120.1 maddəsi, bir də var, ağırlaşdırıcı hallarda – xüsusi amansızlıqla, tamah məqsədilə və s. törədilən adam öldürmə. Bu hallar üçün Cinayət Məcəlləsinin 120.2 maddəsinin müxtəlif bəndləri var. Cəzalar da fərqlidir. Cinayət Məcəlləsinin 120.1 maddəsində cəza 9 ildən 14 ilə qədərdir. 120.2-də isə 14 ildən 20 ilə qədər, hətta ömürlük də var. Bunları yazmaqda məqsədim sizə Cinayət Məcəlləsindən danışmaq deyil. Bir zərbəyə görə o qadına “xüsusi amansızlıqla qəsdən adam öldürmə” ittihamı veriblər – Cinayət Məcəlləsinin 120.2.4 maddəsi. Hansı əsasla? Məlum deyil. Düzdür, məhkəmə ittihamı yüngülləşdirib, 120.1 maddəsinə çevirib və bu maddənin ən aşağı həddində - 9 il cəza verib. Niyəsə yadıma Rəşad Dağlı düşdü. Rəsmi ittihama görə, adama 14 zərbə vurmuşdu. Ona isə Cinayət Məcəlləsinin 120.1 maddəsini vermişdilər. Cəzası da 9 il 6 ay oldu. Görünür, ya adamın adamı olmalıdır, ya da adam tanınmış olmalıdır...
Müəllif: Aytən Məmmədova - Mənbə: "DİA-AZ"
QEYD: Yazılarımızdan istifadə zamanı istinadı unutmayın. Bu bir əxlaq, peşəkarlıq məsələsidir...
Geri qayıt
|