Əsas Səhifə > Ana xəbər / Güney Press > Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı
Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladıDünən, 08:09 |
|
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son aylarda diplomatik təmaslar intensivləşib. Sərhədin açılması məsələsi yenidən gündəmə gəlib, ortaq proseslərin icrasına qərar verilib. Sərhədlərin açılması üçün iki tərəfdən də hazırlıq görüldüyü, təmir-bərpa işlərinin aparıldığı bildirilir. Beləliklə, iki ölkə arasında sərhəd nə zaman açıqlacaq? Globalinfo.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, bu məsələ ilə bağlı müxtəlif məlumatlar və iddialar dövriyyəyə buraxılır: “Həm Türkiyə, həm də Ermənistan mediasında bu mövzuda fərqli yazılar dərc olunur. Sosial media platformalarının alqoritmləri də nəzərə alınmalıdır. Çünki nə qədər sensasion və cəmiyyətin diqqətini çəkən məzmun yayımlanırsa, bir o qədər geniş auditoriyaya çatdırılır. Bu səbəbdən yayılan hər məlumatı rəsmi mövqe kimi qəbul etmək düzgün deyil. Digər tərəfdən, təbii ki, diplomatlar və dövlət rəsmiləri arasında müxtəlif təmaslar olur, bu məsələ də həmin görüşlərdə müzakirə edilir. Lakin bu, sərhədlərin yaxın zamanda açılacağı anlamına gəlmir. İndiyə qədər mövcud olan prinsip hamıya məlumdur. Belə ki, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və kommunikasiyaların açılması istiqamətində real nəticələr əldə olunmadan Ermənistan-Türkiyə sərhədinin açılması gözlənilmir. Bu məsələdə Azərbaycan və Türkiyə uzun illərdir fəaliyyətlərini koordinasiya edir və prinsipial mövzularda ortaq mövqe nümayiş etdirirlər”. Politoloq bildirib ki, burada söhbət yalnız sərhədin açılıb-açılmamasından getmir: “Məsələ daha geniş strateji əməkdaşlıq və qarşılıqlı etimada söykənən siyasi yanaşmadır. Əgər qeyd etdiyim prinsip pozularsa, bu, təkcə sərhədlərlə bağlı deyil, ümumilikdə iki ölkənin koordinasiyalı siyasəti baxımından da suallar yarada bilər. Məhz buna görə də yaxın perspektivdə belə bir addımın atılacağını gözləmirəm. Praktik baxımdan sərhədlərin açılması yalnız o halda mümkün görünür ki, bu proses Azərbaycanın maraqları, mövqeyi nəzərə alınmaqla həyata keçirilsin və rəsmi Bakı buna etiraz etməsin. Formal olaraq bu, Türkiyə ilə Ermənistan arasında olan məsələdir. Lakin regional kontekst və Azərbaycan–Türkiyə strateji müttəfiqliyi nəzərə alındıqda, ölkəmizin mövqeyi burada mühüm əhəmiyyət daşıyır. Bu amil nəzərə alınmadan sərhədlərin açılacağını gözləmək reallığa uyğun gəlmir”. Geri qayıt |