|

Ermənistan parlamentinin sədri postuna Ruben Rubinyanın namizədliyinin irəli sürülməsi ölkə daxilində yenidən onun Türkiyə ilə əlaqələri barədə uzun illərdir davam edən müzakirələri gündəmə gətirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müxalif siyasətçilər, bəzi siyasi şərhçilər və media orqanları Rubinyanın siyasi karyerasını, təhsil və fəaliyyət yolunu əsas gətirərək onu “Türkiyənin təsir agenti" adlandırırlar. Ötən parlamentin vitse-spikeri olan Ruben Rubinyan uzun müddət Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi olub və Ankara ilə aparılan birbaşa danışıqlarda İrəvanı təmsil edib. Son günlər onun parlament sədri vəzifəsinə namizəd göstərilməsi də diqqət çəkib. "Hraparak" nəşrinin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında keçirilən gizli səsvermədə Rubinyan gözlənilmədən parlamentin sabiq sədri Alen Simonyanı qabaqlayıb. Nəşr bunu “xarici amillərlə” əlaqələndirən versiyaların hakim partiya daxilində də müzakirə olunduğunu yazır. Bu iddiaların əsas səbəblərindən biri Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın Rubinyanı namizəd seçildikdən dərhal sonra sosial şəbəkədə təbrik etməsi olub. Müxalif dairələr bunu Ankara ilə xüsusi münasibətlərin göstəricisi kimi təqdim etməyə çalışırlar. Rubinyan haqqında ən sərt ittihamlar əsasən müxalif siyasətçilər, millətçi dairələr və bəzi siyasi ekspertlər tərəfindən səsləndirilir. Siyasi icmalçı Nairi Ohikyan bildirib ki, Rubinyan diplomatiya sahəsində ciddi təcrübəyə malik olmayıb və onun sürətli siyasi yüksəlişi suallar doğurur. Ohikyan hesab edir ki, Rubinyanın Türkiyədə fəaliyyəti cəmiyyət üçün tam aydınlaşdırılmayıb. Hakimiyyətin əsas tənqidçiləri isə xüsusilə Rubinyanın 2017–2018-ci illərdə İstanbul Siyasət Mərkəzində (IPC) apardığı araşdırmanı qabardırlar. Bu mərkəz Sabancı Universitetinin nəzdində fəaliyyət göstərir və Hrant Dink Fondunun Ermənistan–Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan burada tədqiqat aparıb. Müxaliflər iddia edirlər ki, həmin layihə Türkiyənin “yumşaq güc” siyasətinin tərkib hissəsi olub. Bununla yanaşı, Sabancı Universitetinin yaranma tarixi və qurucuları barədə müxtəlif siyasi iddialar da gündəmə gətirilir. Lakin bu ittihamların əksəriyyəti müstəqil şəkildə təsdiqlənməyib və əsasən siyasi polemikanın tərkib hissəsi olaraq qalır. Rubinyan Yerevan Dövlət Universitetində, daha sonra London Universitet Kollecində (UCL) və Yagellon Universitetində təhsil alıb. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra o, xarici işlər nazirinin müavini təyin edilib. Müxalifət hesab edir ki, əvvəlki diplomatik təcrübəsinin olmamasına baxmayaraq bu qədər sürətlə yüksək vəzifəyə gətirilməsi əlavə suallar yaradır. Müxalif “Güclü Ermənistan” blokunun nümayəndəsi Anuş Mirzoyan parlamentdə çıxışı zamanı Rubinyanın Türkiyədə tələbə olduğu illərdə hansı fəaliyyətlə məşğul olduğunu soruşub. Onun sözlərinə görə, Rubinyanı ilk təbrik edənlərdən biri məhz Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç olub və bu, cəmiyyətdə əlavə suallar doğurur. Mirzoyan bildirib ki, ictimaiyyət Rubinyanın Türkiyədəki fəaliyyəti ilə bağlı daha ətraflı izahat gözləyir. Ruben Rubinyan özü bütün bu ittihamları qəti şəkildə rədd edir. O, parlamentdə çıxışı zamanı bildirib ki, heç kimin onu “Türkiyə agenti” adlandırmağa əsası yoxdur. Rubinyanın sözlərinə görə, Türkiyədə apardığı araşdırma sırf akademik xarakter daşıyıb və Hrant Dink Fondunun proqramı çərçivəsində həyata keçirilib. Musavat.com
Geri qayıt
|