Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyiBu gün, 11:09 |
|
Cəlil Məmmədquluzadənin məşhur bir hekayəsi var – “Qurbanəli bəy”. Hekayədə bildirilir ki, Qapazlı kəndinin koxtası bir gün “naçalnik”in qəbuluna gedir. Özünü “obrazovannı” göstərmək üçün hər kəsdən daha çox içir. Kefli vəziyyətdə “naçalnik”i və məclisdə iştirak edən hər kəsi Qapazlı kəndinə qonaq çağırır. Və “naçalnik”ə söz verir ki, ona ən yaxşı atlarından birini bağışlayacaq. Məclisdən sonra aşa-aşa evə gəlir və yıxılıb yatır. Səhər onu oyadırlar ki, bəs, evin yıxılmasın “naçalnik” şaykasını toplayıb Qapazlı kəndinə təşrif buyurub. Tez ol, dur “naçalniki” qarşıla.
Qurbanəli bəy qonaqlıqda verdiyi sözləri yaddan çıxardığından tez qaçıb tövlədə atın axurunda gizlənir. Arvadına da deyir ki, “naçalnik”in qarşısına çıxsın və koxtanın evdə olmadığını desin. Koxtanın xanımı ərinin dediyi kimi də edir. “Naçalnik” də deyir ki, yaxşı, ərin evdə yoxdursa, icazə ver, tövləyə girim, koxtanın mənə bağışlamaq istədiyi ata baxım. Arvad çar-naçar “naçalnik”i tövləyə buraxır. “Naçalnik”də gəlib Qurbanəli bəyi atın axurunda gizlənmiş vəziyyətdə tutur.
Naxçıvanın yeni dərəbəyi də təxminən buna bənzər halla qarşılaşıb. Məlumata görə, o, öz ərbab ü ərkanını – NDU-nun rektoru Elbrus İsayevi, baş vəziri Cabbar Musayevi, Muxtar Respublika Elmlər Akademiyasının akademikbaşısı İsmayıl Hacıyev və s. kimi şəxsləri başına toplayıb Memar Əcəminin 900 illiyi münasibətilə elmi konfrans keçirmək eşqinə düşüb. Bu məqsədlə də Bakıdan Naxçıvana xeyli fəxri qonaqlar çağırıb. Maraqlıdır ki, tədbirin başlanğıc tarixi Ordu gününə - 26 iyuna düşüb. Nəticədə Naxçıvan məmurları Ordu gününə də düz-əməlli hazırlaşa bilməyiblər.
Ayın 27-də isə elmi konfransın əsas hissəsi keçirilib. Di gəl ki, tədbirdə nə Naxçıvan “dərəbəyi”, nə də onun “baş vəziri” iştirak edib.
Yalan-doğru, deyirlər ki, Bakıdan gələn mötəbər qonaqlar ev sahibinin konfrasda iştirak etmədiyindən xeyli təəccübləniblər və bir-birindən soruşublar: “Görəsən, “dərəbəy” əfəndi harda gizlənib?
Müəllif: Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |