Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib”

Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib”


Bu gün, 17:09

"Hörmüz boğazı ətrafındakı qeyri-sabit vəziyyət fonunda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həm ikitərəfli ticarətin təmin edilməsi, həm də İranın zəruri mallarla sabit tədarükünün təmin edilməsi baxımından daha da vacib hala gəlir”.

Musavat.com xəbər verir ki, bunu ötən həftəsonu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, İranla qonşu olan digər dövlətlər də Beynəlxalq Ticarət Mərkəzinə maraq göstərirlər.

Zaxarova həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinə də toxunub. O, hərbi və siyasi vəziyyət imkan verən kimi gələcək marşrut üçün mühəndislik tədqiqatlarının bərpa olunacağını qeyd edib: “Dəmir yolu tikintisi layihəsinin maliyyələşdirilməsi üçün kredit xətti dondurulmayıb. Moskva icra müqaviləsinin imzalanmasını və ərazidə praktiki işlərə tez bir zamanda başlamaq üçün bir sıra texniki məsələlərin həllini gözləyir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindəki iranlı tərəfdaşlarımızın artan marağını görürük”.

Daha əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, bölgədəki hərbi əməliyyatlar İran və Rusiya arasında əsas infrastruktur layihələrindən birinin - Rəşt-Astara dəmir yolunun tikintisinin həyata keçirilməsini gecikdirib. Bu hissə İran və Rusiyanı dəmir yolu, avtomobil və dəniz yolları şəbəkəsi vasitəsilə birləşdirən Şimal-Cənub dəhlizində mühüm halqa hesab olunur. Onun istifadəyə verilməsinin nəqliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağı və yüklərin çatdırılma müddətini azaldacağı gözlənilir.

Rəşt-Astara yolunun açılması Azərbaycanın da marağındadır. Amma neçə ildir layihə heç cür reallaşa bilmir.

Ukraynadakı işğalçı müharibəsi başlayandan sonra üzünü Asiya bazarlarına çevirən Rusiyanın Şimal-Cənub dəhlizinə diqqəti kəskin artıb, dəhlizin hər üç qolu – Şərq(Qazaxıstan-Türkmənistan-İran), Mərkəz(Xəzər dənizi – İran) və Qərb(Azərbaycan-İran) üzrə infrastrukturun gücünün artırılması, yeni layihələrin icrasına başlanılıb. İran və Rusiya dəmiryollarını Azərbaycan üzərindən birləşdirəcək Rəşt-Astara dəmiryol xətti üçün İrana kredit ayrılması da bu prosesin tərkib hissəsidir.

2023-cü ildə tərəflər arasında dəmiryol xəttinin tikintisi və kreditləşmə üçün saziş imzalansa da, tikinti işlərinə başlamaq mümkün olmayıb. Proses İranın torpaq ayrılması işlərini yubatmasından qaynaqlanıb. 2025-ci ilin payızında İran torpaq alınması işlərini asanlaşdırmaq üçün dəmiryol xəttinin 80 faizə yaxın hissəsində dəyişiklik edib. Yanvar ayında məlum olub ki, topraq ayrılması işləri 90 faiz tamamlanıb. Tərəflər mart ayında fiziki tikinti işlərinin başlanması üçün lazım olan son razılaşmanı imzalayaraq apreldən işə başlamağı planlaşdırırdılar. Lakin ABŞ-İran münaqişəsinin başlanması işləri ciddi şəkildə yubatdı.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel ayları arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi boyunca yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 87 faiz artıb. Nazirliyə görə, Yaxın Şərqdəki eskalasiya cənub və şərq dəhlizlərinin inkişafını sürətləndirib. İranla yük daşımaları 56 faiz artıb. Bu ölkəyə Qazaxıstan və Türkmənistandan keçən Transxəzər marşrutu ilə yük daşınması rekord səviyyədə – 98 faiz artıb.

Rusiya nəqıliyyat naziri Andrey Nikitinin sözlərinə görə, dəhlizin Azərbaycandan keçən Qərb qolunda ciddi dəyişikliklər var. Nazir bildirib ki, oradakı sərhəd keçid məntəqələrinin tutumu beş dəfə artaraq gündə 1900 yük maşınına çatıb. Bu, sərhəddə yük maşınlarının daha sürətli emalına və təmizlənməsinə, növbələrin azaldılmasına və çatdırılma etibarlılığının artırılmasına imkan verir.

Nikitin həmçinin qeyd edib ki, Rusiya Nəqliyyat Nazirliyi İranda vəziyyət sabitləşdikdən sonra Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır. Onun sözlərinə görə, Rusiya tərəfi artıq işə başlamağa hazırdır və yalnız İrandakı vəziyyətin normallaşmasını gözləyir. Şərtlər imkan verən kimi layihə hazırlıq mərhələsindən İran və Azərbaycan arasında dəmir yolu hissəsinin faktiki tikintisinə keçəcək.

Qeyd edək ki, dəmir yol xəttinin tikinti işlərinin çoxunu Rusiyanın podratçı şirkəti “Kaspian Servisez” həyata keçirəcək. Topçubaşov Mərkəzinin eksperti Məhəmməd Məmmədovun dediyinə görə, iki ölkə arasında bilavasitə tikinti işləri, həmçinin maliyyələşməyə dair bir sıra fikir ayrılıqları var.

Bundan əlavə, Rusiya və İran arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinin maliyyələşməsi üzrə sazişdəki ödəniş mexanizmi tikintinin başlanma müddətini mürəkkəbləşdirə bilər:

“Müqaviləyə əsasən, ilkin olaraq 15 faiz məbləğində nağd avans ödənişi tələb olunur ki, bu da Tehranın 1,3 milyard avroluq kredit xəttindən istifadə etməyə və rels döşənməsi prosesi başlamazdan əvvəl təxminən 200 milyon avronu “Kaspian Servisez” şirkətinə köçürməsini zəruri edir. Müharibədən zərər çəkmiş İranın bu ilkin maliyyə yükünü daşıyıb-daşıya bilməyəcəyi hələ də açıq sual olaraq qalır. İranın narazılığına səbəb olan digər məqam isə Rusiyanın kredit şərtlərinə görə vəsaitlərin 70 faizinin Rusiya malları və xidmətlərinə yönəldilməsinin tələb edilməsidir. Kremlin Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi, Baş nazir müavini Vitali Savelyev bildirib ki, maliyyənin əsas hissəsi prefabrik beton məmulatları, lokomotivlər, avtomatlaşdırma avadanlıqları və siqnalizasiya sistemləri təchiz edən Rusiya şirkətlərinə yönələcək. Bu isə o deməkdir ki, kreditin təxminən 900 milyon avrosu faktiki olaraq Rusiya sənayesi üçün nəzərdə tutulub. Bundan əlavə, İranın öz ərazisində mövcud olan 1435 millimetrlik standart rels xətti ilə yanaşı Rusiyanın 1520 millimetrlik geniş rels xəttinin çəkilməsinə razılıq verib-vermədiyi də hələ aydın deyil. Belə bir addım dəhlizin uzun müddətdir üzləşdiyi multimodal daşımalar problemini aradan qaldıra bilərdi. Lakin İranın Rusiyanın dəmir yolu infrastrukturunun Rəştə və hətta Bəndər-Abbasa qədər ölkə daxilinə nüfuz etməsinə razılaşması çətin görünür. Eyni zamanda, Moskva da bunun yüksək maliyyə xərclərindən çəkinə bilər”.

Ekspert diqqəti Şimal-Cənub dəhlizi üçün həyati əhəmiyyətə malik Çabahar limanı ilə bağlı vəziyyətə yönəldir: “Hindistanın Cabaharla bağlı layihədən müvəqqəti olaraq geri çəkilməsi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır. Yeni Dehli uzun illərdir ki, bu limanı Pakistanı kənarda qoyaraq Əfqanıstan və Mərkəzi Asiyaya çıxış üçün mühüm tranzit qapısı hesab edirdi. Çinlə davam edən geosiyasi rəqabət Çabaharın strateji əhəmiyyətini daha da artıraraq onu Pekinin Pakistanın Qvadar limanında genişlənən təsirinə qarşı Hindistanın cavabı kimi təqdim edirdi. 2018-ci ildə Donald Tramp administrasiyası İran əleyhinə sanksiyalar çərçivəsində Hindistanın Çabahardakı fəaliyyətinə istisna tətbiq etmişdi. Lakin bu istisna 2025-ci ilin sentyabrında ləğv edildi, baxmayaraq ki, Hindistan altı aylıq uzadılma əldə edə bildi. Vaşinqton 26 aprel tarixində bu güzəşti yeniləməkdən imtina etdi və nəticədə Hindistan faktiki olaraq layihədən geri çəkilməyə məcbur oldu. Çabaharın qeyri-müəyyən vəziyyəti hazırda dəhlizin şərq qolunu Hindistanla əlaqələndirən ən vacib tranzit mərkəzlərindən birindən məhrum edib”.

Ekspertə görə, qısamüddətli perspektivdə ən real ssenari Çabahar limanının tikintisi və idarə olunması işlərinin yerli İran şirkətlərinə həvalə edilməsidir: “Hazırda limanı idarə edən “India Ports Global Limited” şirkəti öz səlahiyyətlərini İran qurumlarına ötürməyə hazırlaşır və Vaşinqton sanksiyaları ləğv etdikdən sonra yenidən geri dönəcəyini gözləyir. Lakin müharibədən sonrakı yenidənqurma üçün tələb olunan böyük maliyyə vəsaitləri İran hökumətinin limana ciddi investisiya yönəltmək imkanlarını məhdudlaşdıra bilər”.

Eyni zamanda dəhlizin Mərkəz qolunun İrandakı əsas obyekti – Ənzəli limanı ciddi dağıntılara məruz qalıb. Limanın bərpası da kifayət qədər ciddi yatırımlar tələb edəcək.

Bütün bunlar Şərq qolu ilə avtomobil daşımalarının bundan sonra da əsas rol oynamasına şərait yaradır. Azərbaycan avtomobil daşımaları üçün zəruri infrastrukturu demək olar ki, tam hazır vəziyyətə gətirib. İyunun əvvəlində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran səfər edib. O, səfər çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.


Geri qayıt