Əsas Səhifə > Ana xəbər / Güney Press > 5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar”
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar”Bu gün, 05:51 |
|
Xəbər verdiyimiz kimi, Lənkəranın “Gərmətük” qəsəbəsində uzun illərdir fəaliyyət göstərən “Əzizə” restoranı və ona daxil obyektlər hərraca çıxarılıb. 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daşınar əşyalarla birlikdə 5.3 milyon manata təklif olunur. Bəs, görəsən, uzun illərdir fəaliyyət göstərən bu obyektlərin hərraca çıxarılmasının səbəbi nədir? Məsələ ilə bağlı “Əzizə” restoranının sahibi olduğunu bildirən Eldar Mamedov Xitab24.az-a danışıb. Qısa arayış olaraq bildirək ki, Eldar Mamedov uzun illər Qazaxıstanda yaşayıb, orada biznes fəaliyyəti ilə məşğul olub və həmin ölkənin vətəndaşlığını alıb. Eldar Mamedovun sözlərinə görə, Qazaxıstanda işlədiyi vaxt Lənkəranda yaşayan ailə üzvlərinin hərtərəfli maddi xərclərini qarşılayıb, onlara iş qurmağa böyük dəstək göstərib. Eldar Mamedov bildirir ki, hazırda hərraca çıxarılan “Əzizə” restoranı da onun əməyi nəticəsində tikilib və ictimai-iaşə obyekti kimi fəaliyyət göstərib. Lakin son illərdə Eldar Mamedov qardaşı Elman Məmmədovla arasında əmlak mübahisəsi yaranıb. Eldar Mamadov bunun təfərrüatını belə açıqlayıb: “Qardaşım Elman Məmmədov indiyədək heç bir işin sahibi olmayıb. Bunu bütün Lənkəran bilir. Mən 33 il Qazaxıstanda işləyib öz biznesimi yaratmışam. Bundan sonra Lənkəranda yaşayan ailə üzvlərimə mütəmadi olaraq dəstək olmuşam. Həmin restoran da mənim vəsaitim hesabıma tikilib. Sadəcə, mən Qazaxıstan vətəndaşı olduğum üçün, torpağı adıma sənədləşdirə bilmədik. Mən də qardaşım olduğu üçün ona etibar etdim. Lakin ata-anam rəhmətə getdikdən sonra vəziyyət tamamilə dəyişdi, məndən pul qoparmağa başladılar. Qardaşım Elman Məmmədovu restorana direktor təyin etmişdim, aylıq da 2000 manat maaş alırdı. Ötən 9 ildə dedilər ki, iş yoxdur, zəifdir. Sonradan əlimə keçən sənədlərə baxanda aydın oldu ki, sən demə, məni aldadırlar. Bu müddət ərzində 2.5 milyon manatdan çox pul qazanıblar. Bu mübahisələrin nəticəsində xərçəng xəstəliyi tapmışam. Amma mənim sayəmdə Elman Məmmədovun Lənkəranda saysız-hesabsız obyektləri var. İndi mənə deyir ki, 1 milyon manat ver, restorandakı pay hüququmdan əl çəkim. Halbuki onun pay hüququ mənim ona etibarım sayəsində yaranıb. İndi də qardaşlarım mənə qarşı birləşərək, məni məhv etməyə çalışırlar. Mənim başım xəstəliklə mübarizəyə qarışdı, bunlar da bundan yararlanmağa çalışır. Bununla bağlı ilk iki məhkəməni qazanmışam. Sonda Ali Məhkəmə nədənsə əmlakın hərracda satılmaqla bölünməsinə dair qətnamə çıxardı. Mən isə restoran rəhmətlik anamın adını daşıdığı üçün obyektin satılmasını istəmirəm. Məni tanıyanlar anama nə qədər bağlı olduğumu çox yaxşı bilirlər. Dediyim kimi, bunadək sayəmdə havayı yeyən qardaşlar, indi məni tamamilə məhv etməyə çalışırlar. Halbuki Elman üçün də, digər qardaşlarım Tərlan, Telman üçün də hər şeyi etmişəm”. Eldar Mamedov səhhətilə ilə bağlı çox danışa bilmədiyini, məsələyə daha sonra da qayıdacağını bildirib. Qeyd edək ki, sözügedən obyektlə bağlı hərrac iyulun 13-də başlayacaq. Geri qayıt |