Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə...
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə...Bu gün, 11:56 |
|
"Dəyərlərimizdən yana ürəyi keçən" vətənşüvənlər, fürsətcillər, xalqın saflığını istismar edənlər uzun illər ərzində xeyli möhtərəmlik və alicənablıq statusu qazanmış, odda yanmaz, suda batmaz AMEA prezidenti İsa Həbibbəylini istefaya çağırıblar. Maşallah!
(Onsuz da akademik öz missiyasını başa vurub. İstefaya getdi nə, getmədi nə. Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə. Daha 80 yaşın astanasında nə edəcək ki?!).
Əlbəttə, hələ yaxşı ki, edam təklifi-zad olmayıb. Bəs necə?! Bilirsiniz, bu akademik nə edib? Nə edəcək daha. Nizami Gəncəviyə aid olduğu deyilən bir əlyazmanı qonaqlara göstərəndə sürətlə vərəqləyib! Pah atonnan! Ey dadi-bidad! Dəyərlərimizə hörmətsizliyin miqyasına bax e!
Sən demə, İ.Həbibbəylinin o hərəkətinə görə ölkədə neçə-neçə ailələr dağılıb, xalq ədalətsizlikdən, işsizlikdən, aclıqdan, səfalətdən taqətini itirib. Məhz akademikin əlyazmanı sürətli vərəqləməsinə görə ölkədə ədavət, qarşılıqlı kin və nifrət mühiti yaranıb, dəyərləri dəyərsizləşdirən söyüşün biri bir qəpikdən də az olub, rüşvətin sürəti vərəqləmə sürətini 1000 dəfə ötüb keçib...
Həbibbəyli əlyazmanı sürətlə vərəqləməsəydi, məsələn, elə uzağa getməyək, mənim, bir Azərbaycan aliminin minimum həyat şəraiti təmin olunacaqdı...
Uşaqlarına çörək tapıb yedirə bilməyən anaların göz yaşları quruyacaqdı. İşgəncələrə məruz qalaraq öldürülən günahsız əsgər zabitlərimizin haqqı özlərinə qaytarılacaqdı. Haqsızlığa uğramış qız-gəlinlərin fəryadı şən-şaqraq gülüşlərlə əvəz olunacaqdı.
Bir də ki, ac xalqı hansı dəyər düşündürə bilər?!. Bu arada əli çörəyə çatan bəzi işbazlar saflığı istismar etməyin müddətini uzatmaq üçün özlərinə sərf edən təhlükəsiz mövqe tutub dəyərlərdən dəm vurarlar. Əsas həqiqətləri isə eşidən qulaqları kar, gözləri kor olar.
Yaxşı ki, səhhətim artıq gündəlik xəbərləri, sosial şəbəkələri izləyəcək gücdə deyil...
PS. Kaş İ. Həbibbəylinin də tək günahı elə bu əlyazmanı sürətlə vərəqləməsi olaydı!
Müəllif: İdris Abbasov - dilçi alim
"DİA-AZ"
Geri qayıt |