|
Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunlarına qarşı dələduzluq edildiyi iddia olunur. Yeniavaz.com-a müraciət edən tələbələrin sözlərinə görə, məzun gecəsinin təşkili ilə bağlı “Eclipse” adlı təşkilatla razılıq əldə olunsa da, tədbirə cəmi bir neçə saat qalmış gecənin baş tutmayacağı bildirilib. “24 iyun 2026-cı il tarixində Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün təşkil olunmalı olan məzun gecəsi son anda ləğv edildi. Tədbirə cəmi bir neçə saat qalmış tələbələrə gecənin baş tutmayacağı bildirildi”, - deyə tələbələr qeyd ediblər. Onların sözlərinə görə, daha sonra təşkilat tərəfindən ödənişlərin gün ərzində geri qaytarılacağı vəd edilsə də, bu baş verməyib: “Təşkilat tərəfindən günün sonunadək ödənişlərin geri qaytarılacağı bildirildi. Lakin həmin vaxtdan etibarən nə mesajlarımıza, nə də telefon zənglərimizə cavab verilir. Artıq iki gündür təşkilatla əlaqə saxlamaq mümkün deyil”. Qeyd edək ki, tədbir üçün təxminən 250 tələbənin hər birindən 185 manat olmaqla, ümumilikdə 46 min 250 manat vəsait toplanıb. Onu da bildirək ki, sözügedən təşkilat bir neçə gün əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün də məzun gecəsi təşkil edib. Həmin tədbirdən sonra bəzi tələbələr vəd edilən xidmətlərin bir qisminin təqdim olunmadığını bildiriblər. “Bizdən alınan 215 manata göstərilən xidmətlər əsla dəymədi. 215 manat müqabilində vəd edilən xidmətlərin heç biri təqdim olunmadı. Fotozona qurulmadı, yeməklər zəif idi, tort təqdim olunacağı bildirilsə də, gətirilmədi. Dron çəkilişi üçün ayrıca ödəniş alınsa da, bu xidmət də göstərilmədi. Vəd olunub yerinə yetirilməyən xidmətlərə görə ödənilən məbləğin qaytarılmasını tələb edirik”, - deyə tələbələr sosial şəbəkələrdə paylaşım ediblər. Məlumat üçün bildirək ki, hər iki universitetin tələbələri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər. Hazırda fakt üzrə araşdırma aparılır.
Geri qayıt
|