Əsas Səhifə > Ana xəbər / Güney Press > “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB:

“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB:


Bu gün, 12:10

“Elm və təhsil naziri tərəfindən vətəndaşa öncədən “təhsil haqqı qaldırılacaq” tipli mesajlar vermək dövlət və vətəndaş münasibətləri arasında uçurum yaratmaqdan başqa işə yaramayacaq!”

Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında Ümid Partiyasının sədr müavini, politoloq Tamilla Qulami bildirib.

T. Qulami Elm və təhsil naziri Emin Əmrullayevin “dünyanın heç bir yerində pulsuz təhsil yoxdur” açıqlamasını sərt tənqid edib:

“Təhsil naziri cənab Emin Əmrullayevin “dünyanın heç bir yerində pulsuz təhsil yoxdur” fikri iqtisadi baxımdan müəyyən həqiqəti göstərmiş olsa da, bu ifadə ictimai və sosial reallığı tam əks etdirmir. Dünyanın bir çox ölkələrində vətəndaşlar üçün təhsil faktiki olaraq, pulsuz təqdim edilir və bunun maliyyəsi dövlət büdcəsi, yəni vergi ödəyicilərinin vəsaiti hesabına qarşılanır. Finlandiya, Norveç, İsveç, Danimarka və bir sıra digər Avropa ölkələrində vətəndaşlar məktəb və hətta ali təhsil səviyyəsində birbaşa ödəniş etmədən təhsil ala bilir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi də təhsil hüququnu təsbit edir və dövlətin pulsuz icbari ümumi orta təhsili təmin etdiyini bildirir.”

Politoloq qeyd edib ki, Azərbaycanda ali təhsilin pulsuz alınması əsasən “Təhsil haqqında” Qanunun 5.4-cü maddəsi ilə tənzimlənir və dövlət təhsilalanların bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir:

“Azərbaycan kimi inkişaf etmək istəyi olan ölkələrdə təhsilin kommersiyalaşdırılması ilə bağlı müzakirələr xüsusilə həssasdır. Çünki əhalinin gəlir səviyyəsi ilə təhsil xərcləri arasında balansın pozulması sosial bərabərsizliyi dərinləşdirə bilər. Yaxşı olardı ki, məmurlar dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə apararkən ordakı yaşayış səviyyəsini də tərəziyə qoysunlar.”

T. Qulami sonda nazirin açıqlamalarının ciddi narahatlıq doğurduğunu vurğulayıb:

“Xüsusilə də minimum əməkhaqqı kifayət qədər aşağı olan Azərbaycanda bu kimi fikirlərlə vətəndaşa mesajlar vermək doğru deyil. Təhsilin keyfiyyətini artırmadan, sosial rifahı təmin etmədən hər məsuliyyəti vətəndaşın üzərinə atmaq qəbuledilməzdir.”


Geri qayıt