Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir!

Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir!


Bu gün, 10:08

Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinin aktivləri yenidən diqqət mərkəzinə düşüb. İddialara görə, Baş nazir Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi ixrac məhdudiyyətlərinin yaratdığı itkiləri kompensasiya etmək üçün ölkədə fəaliyyət göstərən Rusiya müəssisələrinə əlavə vergi yükü qoyulmasını və hətta onların səhmlərinin dövlət nəzarətinə keçirilməsini müzakirə edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məsələ hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında müzakirə olunub.

Məlumata görə, Paşinyan partiya üzvlərini Rusiyanın tətbiq etdiyi ixrac məhdudiyyətləri səbəbindən təşvişə düşməməyə çağırıb. O bildirib ki, Ermənistan ixracdan itirdiyi gəlirləri ölkədə fəaliyyət göstərən Rusiya müəssisələri üçün vergiləri artırmaq və ya onların səhmlərinin bir hissəsini dövlət nəzarətinə götürmək yolu ilə kompensasiya edə bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiyanın Ermənistandakı aktivlərinin həcmi kifayət qədər böyükdür və xarici investisiyaların təxminən 90 faizini təşkil edir. Bu investisiyaların ümumi dəyərinin 5 milyard dollara yaxın olduğu bildirilir.

Rusiyanın nəzarətində olan əsas aktivlər sırasında Cənubi Qafqaz Dəmir Yolu, Razdan İstilik Elektrik Stansiyası, “Qazprom Ermənistan” şirkətinin idarə etdiyi qaz şəbəkəsi, dağ-mədən sənayesi müəssisələri, eləcə də ölkənin aparıcı maliyyə qurumlarından biri hesab edilən VTB Bankın Ermənistan bölməsi yer alır.

Hazırda Ermənistan hökuməti səviyyəsində Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı rəsmi qərar yoxdur. Bununla belə, bu ideyaların Ermənistanın siyasi dairələrinin müəyyən hissəsində dəstək qazandığı qeyd olunur.

Müşahidəçilər hesab edirlər ki, Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələr gələcəkdə Moskva ilə münasibətlərdə təzyiq vasitəsi kimi istifadə oluna bilər. Xüsusilə Rusiyadan idxal edilən təbii qazın, neft məhsullarının və digər enerji resurslarının qiymətləri ətrafında aparılan danışıqlarda bu mövzunun gündəmə gətirilməsi istisna edilmir.


Geri qayıt