Əsas Səhifə > Ana xəbər / Güney Press > Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR?

Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR?


Bu gün, 05:12

"Niyə Gömrük Akademiyamız var... Polis Akademiyamız da var... amma Vergi Akademiyamız yoxdur?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu yaxınlarda gömrük orqanı bir vətəndaşın idxal etdiyi malı ona vermirdi. Deyirdi ki, guya mal sahibkarlıq məqsədi ilə idxal olunur, buna görə də vətəndaş fərdi sahibkar statusu əldə etməli və yüksək tariflə gömrük rüsumunu ödəyəndən sonra malı götürə bilər. Vəkil kimi Gömrük Komitəsinə şikayət etdim, məsələ həll olundu, malı vətəndaşa verdilər. Amma təcrübədə adətən gömrük orqanı ilə mübarizə aparan çox az olur. Niyə?..
90-cı illərdən “Gömrük işi” abituriyentlərin ən çox arzuladığı peşələrdən biridir. Məhz buna görə də Gömrük Akademiyası yarandı. Ora daxil olanlar elə bilirdi ki, gömrük işçisi olacaqlar. Lakin gömrük orqanlarına qəbul meyarı heç vaxt savad və dürüstlük olmayıb. Heç diplom da olmayıb. “Gömrük işi” sadəcə ali məktəblərin əlavə dolanışıq mənbəyi olub. Gömrük peşəsinə yiyələnənlərin əksəriyyəti isə işsizdir.
Gömrük işçisi olmaq polis olmaqdan da çox arzu ediləndir bizdə. Polis olmaq istəyənlər isə vergi işçisi olmaq istəyənlərdən də çoxdur. Buna görə də Gömrük Akademiyamız da, Polis Akademiyamız da var. Amma Vergi Akademiyamız yoxdur.
Vəziyyət niyə belədir? Ona görə ki, əksəriyyət asan pul qazanmaq yeri axtarır. Gömrük işi çox texniki fəaliyyətdir, çətin bir şey yoxdur. Gömrük işçisi olmaq üçün nə xüsusi bilik, nə də bacarıq lazımdır. Mal aparan və mal gətirən tam sənin sərəncamındadır. Nə edəcək ki? Şikayət edəcək? Şikayətinə illərlə baxılacaq! Mal isə indi “rastamojka” olunmalıdır, korlana bilər, lazımsız ola bilər və s. Buna görə də hamı gömrük işçisi ilə razılığa gəlmək istəyir. Odur ki, sən heç nə etmirsən, özləri sənin haqqını verir, hələ təşəkkür də edirlər.
Polisin işi daha çətindir. Amma məhkəmə-hüquq sisteminin bərbad vəziyyəti polisdən də şikayət etməyi əsasən perspektivsiz edir. Bununla belə, polis oturduğu yerdə pul qazana bilmir. “Dvijeniye” eləməlidir. Az-maz biliyin omalıdır. Bir də həyasızlığın.
Vergi sahəsi gömrük işindən də, polis fəaliyyətindən də çətindir. Mürəkkəb sahədir. Vergi ödəyicisi səni məhkəməyə də verə bilər, uda da bilər. Hər şey də elektronlaşıb. Gəl indi belə vəziyyətdə “çak-çuk” et də! Çox çətindir! Ona görə də vergi işçisi olmaq üçün savad və nisbətən dürüstlük tələb olunur. Odur ki, əksəriyyət üçün maraqlı deyil. Buna görə Vergi Akademiyası da yoxdur...
 Buna görə də Gömrük Akademiyası hüquqşünas ixtisası üzrə təhsil verən 7 ali məktəbimizdən biri olsa da, gömrük orqanlarında normal savadlı hüquqşünas demək olar ki, yoxdur. Keçmiş gömrük işçiləri sırasından çıxan hüquqşünaslar da adətən sadəcə dəllaldır, maklerdir..."

Geri qayıt