|
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “STP-Btech” MMC (VÖEN – 2907446991) olub. “STP-Btech” MMC AYNA-nın sifarişi əsasında respublika ərazisində yollarda nişanlanma işlərini həyata keçirəcək və qarşılığında 29 milyon 420 min 871 manat 43 qəpik alacaq. Qeyd edək ki, nizamnamə kapitalı 2 milyon 400 min manat olan “STP-Btech” MMC 2024-cü il martın 14-də dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Texno-Park ərazisində yerləşir. Şirkətin qanuni təmsilçisi Emre Yalcındır. Məlumat üçün bildirək ki, “STP-Btech” MMC bu günə qədər yalnız AYNA-nın keçirdiyi tender müsabiqələrində qalib olub. MMC ilk dəfə dövlət qeydiyyatına alındıqdan 6 ay sonra – 2024-cü ilin sentyabr ayında AYNA ilə 3 milyon 669 min 345 manat 11 qəpik dəyərində satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə tender müsabiqəsi keçirilmədən bağlanılıb. 2025-ci ildə isə AYNA tender müsabiqəsi keçirmədən “STP-Btech” MMC ilə daha 4 müqavilə bağlayıb və bu müqavilələrin ümumi dəyəri 77,3 milyon manat olub. Beləliklə, “STP-Btech” MMC dövlət qeydiyyatına alındıqdan sonra AYNA ilə bağladığı müqavilələrin ümumi dəyəri 110 milyon 400 min 30 manat 94 qəpik təşkil edib.
Geri qayıt
|