Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyulduBu gün, 12:29 |
|
Azərbaycanda qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan "HOPER" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinə "stop" qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb "HOPER" MMC-nin qanuni təmsilçisi (direktoru) Həmidov Ramin Həmidağa oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yarım milyon manata yaxın vergi borcunun olmasıdır.
Belə ki, Ramin Həmidovun direktoru olduğu "HOPER" MMC-nin 94,63 AZN, "RIODE" MMC-nin 437.335,08 AZN, fiziki şəxs kimi isə 74.591,91 AZN vergi borcu yaranıb. Məhkəmə sənədinə əsasən, hazırda sahibkarın 469.408,58 manat vergi borcu var.
Ona borcun ödənilməsi üçün dəfələrlə bildirişlər göndərilib, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməyib. Buna görə də Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
Məhkəmənin hökmü ilə 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ramin Həmidovun borc ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycandan 9 ay ərzində xaricə ən çox qeyri-neft ixrac edən şirkətlər sırasında ilk onluqda "HOPER" MMC də yer alıb. 19.11.2024-ci il tarixində dövlət qeydiyyatına alınmış "HOPER" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Heseynov küçəsi, ev 98, mənzil 16-dır. Digər şirkətlər də eyni ünvanda yerləşir.
Geri qayıt |