|
"Haqsızlığa uğrayıb çarəsiz duruma düşmüş Azərbaycan qadınlarının fəryadları ilə qarşılaşmaq bir başqa işgəncədir. Bütün şüurlu ömrünü sənətə həsr etmiş əməkdar artist Mehriban Xanlarovanın ah-fəğanı ərşə çatsa da, bizə çatmır..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində dilçi alim İdris Abbasov qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Bizə nə çatır ki, o da çatsın?! Şəxsi çıxarımız yoxdursa, bizə nə?! Hanı o haqq-ədalət carçıları?! Qarınlarını güdən layklı-mayklı ictimai xadimlər?! Su üzərində sabun köpüyü! Xanım ölkə Prezidentinə qədər yalvarır-yaxarır, ilan dili çıxarır, bütün varlığı ilə bağlandığı iş yerinə qaytarılmasını istəyir, əvəzində Akademik Milli Dram Teatrından təriflərin, xoş sözlərin müşayiəti ilə standart xəbər gəlir ki, vakant yer yoxdur, gedib başqa yerdə işləyə bilər. Bu yerdə bir türk icəsənət adamının vaxtilə dediyi sözlər yadıma düşdü: "Karıncayı elə filan edəcəksən ki, beli də inciməsin!", yəni beləcə tərifləyə-tərifləyə bağrını çatladıb səssizcə öldürəcəksən. Lütfən, bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə. O iş yeri onun həyatıdır, varlığıdır! Ömrünə baltalar çaldınız! Az adamı, az ailələri bu yolla məhv etməmisiniz! Onsuz da yaşatdığınız stresslər adamın sağlamlığını və ömrünü zədələyib, şikəst edib. İmkan verin, bir az da yaşasın! Öldürməyin, insafınız olsun! PS. Vakant yer bəhanəsi (yaxud qətletmə silahı) mənə öz həyatımda baş verən hadisəni xatırladır. İllər öncə iş üçün AMEA rəhbərliyinə (akademiklər Akif Əlizadəyə və İsa Həbibbəyliyə) ərizələr yazdım. Standart cavablar yazdılar ki, vakant yer yoxdur. Qəbulunda olduğum İ.Həbibbəyli isə dedi: "Akademiyada sürətli ixtisarlar gedir" və mənə 460 manatlıq işi belə çox gördülər. Onların niyyətini yaxşı bilirdim, narazı olmaq və bütün günahı ölkə rəhbərliyində görmək. Arzuları gözlərində qaldı. Onların bu bədniyyət kombinasiyaları bir neçə halda uğurlu alınmışdı. İndi özlərini elə aparırlar ki, sinsidib xaricə qaçırdıqları və Azərbaycan rəhbərliyini söydürməyə nail olduqları bəzi gənclər sanki bunların dostluq etdikləri şəxslər deyillər. Görəsən, hərdən özlərini də söydürmələri izin azdırılması deyilmi?!... Bəli o zamasn mənə də standart cavab verib dedilər, sənin elminə-filanına heyranıq, ancaq nə edək ki, vakansiya yoxdur.. Cavablarının mürəkkəbi qurumamış rəhmətlik akademik Tofiq Hacıyev mən daxil, 6-7 nəfəri eyni zamanda işə qəbul etdi. Nooldu, Həbibbəyli, bəs şıdırğı ixtisar gedirdi, vakansiya yox idi, nooldu?! Təkcə özünü düşünən vicdansız vəzifə və səlahiyyət sahibləri və onlara yaltaqlanan nadürüstlərlə dürüst dövlət mexanizmi qurmaq yalnız nağıllarda ola bilər... Heç nə dəyişməyib. İndi də eyni standart biganəliyi bu xanıma qarşı edirlər. Təəssüf ki, yaltaqlıq, riyakarlıq və özbaşınalığın ağuşunda bəslənən daxili düşmənçilik, kin, həsəd və nifrətin qurbanına çevrilir və seyrçi olmaqda davam edirik..."
Geri qayıt
|