Əsas Səhifə > Ana xəbər / Güney Press > Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədirBu gün, 07:21 |
|
Çin universitetlərdə köhnəlmiş və tələbatın azaldığı bir sıra ixtisasları ixtisar etməyə başlayıb. Onların yerini süni intellekt, rəqəmsal texnologiyalar və digər innovativ sahələr tutacaq. Bununla da, rəsmi Pekin gələcəyin peşələrinə uyğun kadr hazırlığını gücləndirməyi hədəfləyir. Bu gedişat dünyaya, insanlara nə vəd edir? Kütləvi işsizlik yaranacaqmı? Azərbaycanda da belə bir tendensiyanın başlaması mümkündür? Köhnəlmiş ixtisaslar hansılar sayılır? Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva deyib ki, Çində universitet ixtisaslarının kəskin şəkildə ləğvi və yenidən qurulması dünyada baş verən bacarıq transformasiyasının ən parlaq nümunələrindən biridir: “Çin artıq diplomların sayına yox, həmin sənədin əmək bazarında nə dərəcədə real dəyər yaratmasına baxır. Əgər bir ixtisas minlərlə məzun verir, amma həmin məzunlar əmək bazarında özünə yer tapa bilmirsə, dövlət bu sahəni yenidən nəzərdən keçirir. Kənardan bəlkə də elə görünür ki, humanitar sahələr tamamilə dəyərsizləşib. Amma bu elə deyil. Sadəcə bəzi ixtisaslar illərlə eyni formada tədris olunub, amma dünya dəyişib. Tərcüməçilik, jurnalistika, dizayn, mühasibatlıq əvvəlki formada deyil. Süni intellekt bu sahələri məhv etmir, amma onların köhnə variantını sıradan çıxarır. Bu gün dünyada artıq “mənim diplomum var” demək kifayət deyil, həmin diplom insana hansı bacarığı verir? Məsələ budur. O bacarıq rəqəmsal dünyada işləyirmi? Süni intellektlə rəqabət aparır, yoxsa onunla əməkdaşlıq edə bilir? Gələcəyin əmək bazarında uduzanlar humanitar sahə məzunları olmayacaq, öz sahəsini yeniləyə bilməyən məzunlar olacaq. O ki qaldı, kütləvi işsizlik məsələsinə, buna bir az ehtiyatla yanaşmaq lazımdır”. Sona Əliyeva bildirib ki, süni intellektin bütün insanları işsiz qoyacağı fikri bir qədər şişirdilmiş yanaşmadır: “Amma struktur işsizliyi riski realdır. Yəni iş yerləri olacaq, amma insanların bacarığı həmin iş yerlərinə uyğun gəlməyəcək. Problem odur ki, universitet başqa kadr hazırlayır, əmək bazarı isə tamam başqa bacarıq tələb edir. Ən çox risk altında olan sahələr təkrarlanan, şablon və avtomatlaşdırıla bilən işlərdir. Sadə tərcümə, kargüzarlıq, məlumatların daxil edilməsi, standart mühasibat əməliyyatları, ilkin hüquqi sənədləşmə, şablon kontent yazarlığı, sadə müştəri xidmətləri, klassik ofis idarəçiliyi artıq ciddi şəkildə dəyişir. Bu sahələr yox olmaya bilər, amma əvvəlki formada qalması da mümkün deyil”. Ekspertin sözlərinə görə, Azərbaycanda da bu tendensiya qaçılmazdır: “Bizdə proses Çindəki kimi birdən-birə, mərkəzləşdirilmiş və kəskin şəkildə baş verməyəcək. Daha çox qəbul planlarının dəyişməsi, bəzi ixtisaslara marağın azalması, universitet proqramlarının yenilənməsi və yeni rəqəmsal modulların əlavə edilməsi yolu ilə gedəcək. Amma bu proses artıq başlayıb. Süni intellekt, data analitikası, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar və mühəndislik istiqamətlərinə maraq get-gedə artır. Ona görə də Azərbaycan universitetləri köhnə ixtisasları yenidən dizayn etməlidir. Hüquq fakültəsində kiberhüquq, jurnalistikada data jurnalistikası, filologiyada süni intellektlə dil texnologiyaları, iqtisadiyyatda data analitikası, pedaqogikada təhsil texnologiyaları, dizaynda rəqəmsal vizual istehsal məcburi komponentə çevrilməlidir. Əgər biz bu prosesi vaxtında idarə etsək, bu dəyişiklik ölkə gəncləri üçün böyük fürsətə çevrilə bilər. Çünki gələcək öz peşəsini süni intellektlə yenidən qura bilənlərin olacaq. Təhsil sistemində diplomu olmaq get-gedə bir üstünlük olmaqdan çıxır. Beləliklə,iş həyatında dəyişən dünyaya adaptasiya olma bacarıqları qazanan insanlara üstünlük verilir”. Geri qayıt |