Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvandan sülhə qarşı SABOTAJ

İrəvandan sülhə qarşı SABOTAJ


Bu gün, 11:04

“Ermənistanın yeni konstitusiyasının mətni hələ dərc olunmağa hazır deyil. Çünki Ədliyyə Nazirliyi digər rəsmi qurumlardan rəy və qeydlərin gəlməsini gözləyir”. Bunu ölkənin ədliyyə naziri Srbuhi Qalyan deyib.

Onun sözlərinə görə, sənədin dərc olunması məsələsi hakim “Mülki Müqavilə” partiyasının idarə heyətinin iclasında müzakirə olunub. Nazir qeyd edib ki, daxil olan bütün rəylərin ümumiləşdirilməsi üçün əlavə vaxt tələb olunur: “Yaxın vaxtlarda, yəni rəylərin toplanması üçün bizə lazım olan bir-iki həftəlik ümumiləşdirmə prosesindən sonra daha bir-iki müzakirə keçiriləcək. Bundan sonra mətnin dərc olunmağa hazır olub-olmadığı bəlli olacaq”.

Amma Qalyan hələ 2026-cı ilin martında yeni Konstitusiya mətninin hazırlanmasının başa çatdığını bildirmişdi. O zaman sənədin ayın sonuna qədər dərc ediləcəyini də açıqlamışdı. Bütün bunlar o qənaətə gəlməyə əsas verirmi ki, hakimiyyət konstitusiya ilə bağlı dəyişikliklər məsələsini yubadacaq?

Professor Qabil Hüseynli Ermənistanın vaxt udmaq istədiyini güman edir. Onun qənaətinə görə, seçkilərdən yeni çıxan siyasi hakimiyyət yeni qanunvericilik aktı haqda səs-küylü danışmağa tələsmir: “Biz bir müddət İrəvanın hərəkətlərini izləməliyik. Nəzərə alaq ki, seçkilərdən sonra hökumətin formalaşması lazımdır. Paşinyan kabineti diqqəti daxili siyasətə yönəldib. İndi hökumətə lazımdır ki, gərginlik tam aradan qalxsın və siyasi sabitlik bərqərar olsun. Bu həssas dövrdə isə hökumət üzvləri referenduma hazırlıq, yeni konstitusiya mətni barəsində çox danışmağa üstünlük vermirlər. Zənnimcə, nazirin sözügedən çıxışı da bundan qaynaqlanır”.

Professor hesab edir ki, ədliyyə nazirinin açıqlamasında qeyri-müəyyənlik var və mətnin hələ də tam hazır olmadığını deməsi Azərbaycanda haqlı narazılıq doğura bilər: “Çünki gözləntimiz tezliklə bu problemin həlli və yekun sülh sazişi imzalanmasıdır. Bizi Ermənistanın daxili problemləri az maraqlandırır. Sadəcə, İrəvana seçkilər səbəbindən bir qədər də möhlət vermək imkanı var. Cənab prezident də bildirib ki, tələsmirik və sülhü ən çox elə qarşı tərəf istəməlidir. Eyni zamanda, bu məsələdə cəmiyyəti hazırlamaq lazımdır. İndi müxalifət düşərgəsi təbliğat aparır ki, Paşinyan guya milli maraqları qurban verir. Yəni “artsax” adlı mifik ideyadan imtina edir. Bu da erməniləri qızışdıran mövzudur. Ona görə Paşinyan hakimiyyəti işini mərhələli şəkildə görməyə üstünlük verir. Əgər bu məsələdə qəsdən vaxt uzatmaq, sülh istəməmək niyyəti varsa və nazirin də çıxışı bu hiylədən xəbər verirsə, o zaman ən böyük acısını Ermənistan çəkəcək. Hr bir halda, biz sülh prosesinin pozitiv templə inkişaf etdiyinə inanmaq istəyirik. Elə cənab Hikmət Hacıyevin Dilicana səfəri də bu mənada gələcəyə ümid yaradır. Məncə, hər iki tərəfin hökumətləri tarixi sülh müqaviləsini imzalamağa hazırdır”.

Q.Hüseynli əlavə edib ki, Paşinyanın prosesi yubatması ölkəsinə fayda gətirməyəcək: “Bundan Rusiya və başqacqüvvələr istifadə edə, regionda vəziyyəti gərginləşdirməyə çalışa bilər. İlk növbədə bu riskləri nəzərə almaq lazımdır”.

Musavat.com


Geri qayıt