Əsas Səhifə > Ana xəbər / Güney Press > Zülfüqarov ermənilərin ən böyük mifini dağıtdı:
Zülfüqarov ermənilərin ən böyük mifini dağıtdı:Bu gün, 10:56 |
|
Ermənistanda və erməni diasporunun bəzi dairələrində son illər tez-tez səsləndirilən “siz Birinci Qarabağ müharibəsini uduzdunuz, biz isə İkinci Qarabağ müharibəsini” tezisinə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sərt reaksiya verib. Musavat.com xəbər verir ki, təcrübəli diplomat bu yanaşmanın tarixi reallıqların təhrif edilməsinə və revanşist xəyalların qidalandırılmasına xidmət etdiyini bildirib. Tofiq Zülfüqarov qeyd edib ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sonunda əldə olunan razılaşma ilə 2020-ci ildə İkinci Qarabağ müharibəsinin yekununda imzalanan sənədləri eyniləşdirmək mümkün deyil. Onun sözlərinə görə, 1994-cü ildə tərəflər arasında hüquqi qüvvəyə malik sülh müqaviləsi və ya kapitulyasiya sənədi imzalanmayıb. Həmin vaxt əldə olunan nəticə sadəcə vasitəçi üzərindən aparılan yazışmalar və faks mübadiləsi əsasında formalaşmış atəşkəs razılaşması idi. “Bu, sənəd deyildi, vasitəçi ilə aparılan yazışmalar idi. Danışıqlar da birbaşa qarşı tərəflə yox, Rusiya ilə aparılırdı”, – deyə Zülfüqarov vurğulayıb. Sabiq nazir xatırladıb ki, Azərbaycan həmin dövrdə atəşkəs elan edilən anda mövcud hərbi mövqelərini qoruyub saxlayıb və üzərinə yalnız danışıqları davam etdirmək öhdəliyi götürüb. Diplomatın sözlərinə görə, 1994-cü ilin mart-aprel aylarında Ermənistan qüvvələrinin Gəncə istiqamətində həyata keçirdiyi genişmiqyaslı hücum ağır itkilərlə nəticələnib. Canlı qüvvə və texnika baxımından böyük zərbələr alan erməni tərəfi nəticədə Rusiya hərbi dairələrinin təkidi ilə hücumu dayandırmağa məcbur olub. Tofiq Zülfüqarov hesab edir ki, 2020-ci ilin noyabrında baş verənlər isə tamamilə başqa xarakter daşıyırdı. Onun sözlərinə görə, həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə birlikdə üçtərəfli bəyanatı imzalayıb. “Bu dəfə sənədi müdafiə naziri yox, müharibə aparan dövlətin rəhbəri imzaladı”, – deyə diplomat vurğulayıb. Zülfüqarov qeyd edib ki, Ermənistan həmin sənədlə konkret öhdəliklər götürərək qoşunlarını və hərbi texnikasını müəyyən olunmuş müddətlərdə Azərbaycan ərazilərindən çıxarmağa razılıq verib, həmçinin bir sıra hərbi-texniki tələbləri yerinə yetirib. “Tətbiq olunan bütün meyarlara görə bu, kapitulyasiya idi”, – deyə keçmiş xarici işlər naziri bildirib. Tofiq Zülfüqarov erməni siyasi dairələrinə və revanşist qüvvələrə müraciət edərək vurğulayıb ki, hər kəsin gözü qarşısında baş vermiş hadisələri sonradan siyasi məqsədlərlə fərqli təqdim etmək mümkün deyil. Onun fikrincə, 1994-cü ildə əldə olunan atəşkəs razılaşması ilə 2020-ci ilin 10 noyabr bəyanatını eyni müstəviyə qoymaq tarixi faktların və siyasi reallıqların açıq şəkildə təhrif edilməsidir. Buna görə də “siz bir müharibəni, biz digərini udmuşuq” tezisi reallıqdan çox revanşist təbliğatın məhsulu kimi qiymətləndirilməlidir. Geri qayıt |