Əsas Səhifə > Ana xəbər / Güney Press > Taksi kəskin bahalaşdı: İctimai nəqliyyat yüklənəcək, tıxaclar isə...

Taksi kəskin bahalaşdı: İctimai nəqliyyat yüklənəcək, tıxaclar isə...


Bu gün, 08:18

Bakıda fəaliyyət göstərən tanınmış taksi şirkətləri qiymətləri kəskin artırıb. Belə ki, iyun ayının əvvəlindən etibarən "Yango" xidmət haqlarını 40-50 faiz artırıb. Oxşar vəziyyət "Bolt"da da müşahidə olunur. Şirkət qiymətlərdə təxminən 40 faizlik artıma gedib.

Qiymət artımı hava şəraiti, pik saatlar və ya yol sıxlığı ilə əlaqəli deyil. Əksinə, yağışlı hava, pik saatlar və güclü tıxaclar zamanı gedişhaqları əlavə olaraq iki-üç dəfə yüksəlir. Bahalaşmanın səbəbləri ilə bağlı taksi xidmətlərinə sorğu göndərilib.

Bəs qiymət artımı paytaxtda ictimai nəqliyyatın yükünü nə dərəcədə artıra bilər?

Tanınmış nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, ölkəmizdə taksi xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir və bazar prinsipləri əsasında formalaşır: “Hazırda xüsusilə paytaxtda taksi bazarının iri iştirakçıları fəaliyyət göstərir və onlar müəyyən dərəcədə qiymət siyasətinə təsir edə bilirlər. Bu şirkətlər bazardakı vəziyyəti və kommersiya maraqlarını nəzərə alaraq, xidmət haqlarında dəyişikliklər edirlər.

Əgər bazar həqiqətən sərbəst şəkildə fəaliyyət göstərirsə, qiymət artımları əsasən iqtisadi amillərlə bağlı olmalıdır. Məsələn, inflyasiya, yanacağın bahalaşması, avtomobillərin saxlanma xərclərinin artması, sürücülərin əməkhaqlarının yüksəlməsi və ya xidmət sahəsinə dair yeni tələblərin tətbiqi qiymətlərin artmasına səbəb ola bilər. Lakin son dövrlərdə taksi xidmətlərinin qiymətlərində belə ciddi bahalaşmanı əsaslandıracaq böyük iqtisadi dəyişikliklər müşahidə olunmur. Ona görə də qiymət dəyişikliklərinin səbəblərini ilk növbədə taksi sifarişi operatorlarının daxili siyasətində axtarmaq lazımdır.

Son günlər taksi sifarişi operatorlarının sığorta xərclərinin artacağı ilə bağlı fikirlər səsləndirilir. Ancaq bu məsələ ətrafında müəyyən yanlış təsəvvürlər də mövcuddur. Yeni qaydalara əsasən, sığorta tarixçəsi hər avtomobil üzrə ayrıca hesablanacaq. Əvvəllər bir sahibə məxsus çoxsaylı avtomobillərdən birinin sığorta tarixçəsi digər nəqliyyat vasitələrinə də təsir göstərə bilirdi. Yeni sistemdə isə yalnız konkret avtomobilin sığorta tarixçəsi nəzərə alınacaq”.

Ə. Hüseynovun sözlərinə görə, taksi qiymətlərinin artması ictimai nəqliyyata marağı da yüksəldə bilər: “Çünki taksidən istifadə edənlərin bir hissəsi daha sərfəli alternativ kimi avtobus və metroya üstünlük verəcək. Bu, dünyanın bir çox ölkəsində müşahidə olunan təbii prosesdir. Lakin bunun üçün ictimai nəqliyyat sistemi kifayət qədər rahat, əlçatan və effektiv olmalıdır.

Tıxaclar da taksi qiymətlərinə təsir edən əsas amillərdən biridir. Bu təsir iki formada özünü göstərir. Birincisi, ani və ya qısamüddətli tıxaclardır. Məsələn, sifariş verilən anda marşrut üzrə sıxlıq müşahidə olunursa, sistem gediş haqqını daha yüksək hesablayır. İkincisi isə daimi tıxacların müşahidə olunduğu ərazilərlə bağlıdır. Belə istiqamətlərdə hərəkət müddəti daha uzun olduğundan, həmin marşrutlar üzrə taksi xidmətinin qiyməti də nisbətən yüksək olur”.


Geri qayıt