|

“Ermənistanda keçirilən parlament seçkiləri formal olaraq hakimiyyətin – baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi ilə yekunlaşdı. Lakin “formal” ifadəsi burada əsas açardır. Çünki bu seçkilər siyasi böhranı həll etmədi – əksinə, onu sadəcə dondurdu və geri sayım rejiminə keçirdi”.
Musavat.com erməni nəşrlərində son bir neçə saatda dərc edilən bəzi təhlilləri ümumiləşdirib.
Əsas qənaət budur ki, müxalifət seçkinin nəticələrini bu saata qədər rəsmən tanımayıb. Robert Köçəryan rəhbərlik etdiyi blokun nəticələri məhkəmə yolu ilə mübahisələndirəcəyini bəyan edib. Müxalif qüvvələr seçkilərin inzibati təzyiq, həbslər, qorxutma, nəzarətli səsvermə və siyasi zorakılıq şəraitində keçirildiyini iddia edir. İkinci yeri tutan “Güclü Ermənistan” bloku da rəsmi nəticələrin real mənzərəni əks etdirmədiyini bildirib. “Çiçəklənən Ermənistan” partiyası bəzi məntəqələrdə səslərin yenidən sayılmasını tələb edir.
Beynəlxalq reaksiyalara gəlincə, təhlillərə görə, “reaksiyalar geosiyasi xətt üzrə bölündü”.
Qərb ölkələri və Avropa İttifaqı Paşinyanı tələsik təbrik etdi. Türkiyə də seçkilərin “sakit və sabit şəraitdə keçdiyini” bəyan edərək nəticələrdən məmnunluğunu ifadə etdi və Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirdi.
ATƏT müşahidəçiləri isə daha balanslı mövqe sərgilədi. Qurumun nümayəndəsi seçicilərin seçim imkanı olduğunu desə də, təzyiq, rüşvət, həbslər və media məhdudiyyətləri ilə bağlı narahatlıqları qeyd etdi. Bu, klassik diplomatik formuladır: “problemlər var, amma nəticə qəbul olunur”.
Rusiyanın seçkilərlə bağlı reaksiyası da ən çox müzakirə edilə mövzulardan biridir. Bu reaksiya göstərir ki, Moskva bu seçkiləri sadəcə daxili siyasi proses kimi deyil, regional güc balansının dəyişməsi kimi qiymətləndirir.
Seçkilərdən sonrakı ssenarilərə gəlincə, belə nəticəyə gəlinir ki, Ermənistanı qeyri-müəyyənlik dövrü gözləyir.
Ermənistanda 7 iyun parlament seçkilərindən sonra ölkə yeni və qeyri-müəyyən siyasi mərhələyə daxil olub. Formal olaraq hakimiyyət vəziyyəti nəzarətdə saxladığını nümayiş etdirməyə çalışsa da, reallıqda bir neçə paralel inkişaf ssenarisi mümkündür və hər biri ölkənin gələcəyinə ciddi təsir göstərə bilər.
Bildirilir ki, ən real və hakimiyyət üçün ən əlverişli variant vəziyyətin tədricən “söndürülməsi” ssenarisidir. Bu halda hakim komanda seçki mövzusunu mümkün qədər tez gündəmdən çıxarmağa çalışacaq. Ayrı-ayrı məntəqələrdə formal yenidən sayımlar keçirilə, Mərkəzi Seçki Komissiyası texniki izahlarla çıxış edə, məhkəmə prosesləri isə uzadılaraq ictimai diqqət zəiflədilə bilər. Hesab sadədir: zaman keçdikcə cəmiyyət yorulacaq, müxalifət daxilində fikir ayrılıqları dərinləşəcək və nəticədə legitimlik məsələsi tədricən arxa plana keçəcək.
Digər mümkün istiqamət hüquqi və siyasi mübarizə xəttidir. Müxalif qüvvələr seçki nəticələrini məhkəmələrdə mübahisələndirməyə, pozuntularla bağlı sübutlar toplamağa və beynəlxalq təşkilatlara müraciət etməyə cəhd edə bilərlər. Lakin bu yol yalnız ciddi təşkilatlanma, peşəkar hüquqi komanda və vahid koordinasiya mərkəzi olduğu halda effekt verə bilər. Əks halda, proses emosional çıxışlar və ayrı-ayrı bəyanatlarla məhdudlaşaraq real nəticə verməyə bilər.
Üçüncü ssenari küçə etirazlarının başlamasıdır. Əgər müxalifət cəmiyyəti inandıra bilsə ki, məsələ sadəcə mandat bölgüsü deyil, seçmək hüququnun qorunmasıdır, kütləvi aksiyalar mümkündür. Lakin burada ciddi risklər də mövcuddur. Hakimiyyət artıq sərt ritorikaya keçid edir və etirazları “siyasi revanş” kimi təqdim etməyə hazırlaşır. Bu isə potensial qarşıdurma ehtimalını artırır.
Dördüncü istiqamət xarici siyasətdə sürətlənmə ilə bağlıdır. Hakimiyyət mövqeyini möhkəmləndirdikdən sonra uzun müddətdir gündəmdə olan layihələri daha sürətlə həyata keçirməyə cəhd göstərə bilər. Buraya Azərbaycanla sülh sazişi, Türkiyə ilə münasibətlərin normallaşdırılması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionda yeni iqtisadi layihələrin reallaşdırılması daxildir. Bu addımlar beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənsə də, ölkə daxilində əlavə gərginlik yarada bilər, çünki cəmiyyət bu proseslərə birmənalı yanaşmır.
Nəhayət, beşinci ssenari Rusiya ilə münasibətlərin daha da pisləşməsi ehtimalıdır. Əgər Moskva Ermənistanın qəti şəkildə Qərb və regiondakı digər aktorların təsir dairəsinə keçdiyini hesab etsə, bu, siyasi və iqtisadi münasibətlərdə yeni gərginlik dalğasına səbəb ola bilər. Belə bir vəziyyətdə Ermənistan mürəkkəb seçim qarşısında qala bilər: bir tərəfdə Qərbin siyasi dəstəyi, digər tərəfdə isə real iqtisadi və təhlükəsizlik riskləri.
Bütün bu ssenarilər göstərir ki, seçkilərdən sonra Ermənistan sabitlik mərhələsinə deyil, əksinə, çoxşaxəli risklərin və qeyri-müəyyənliklərin hökm sürdüyü bir dövrə daxil olur. Hakimiyyətin əsas vəzifəsi yalnız siyasi nəzarəti saxlamaq deyil, həm də cəmiyyətdə itirilmiş etimadı bərpa etməkdir. Əks halda, formal sabitlik uzunmüddətli davamlılığa çevrilməyə bilər.
7 iyun seçkiləri Paşinyan üçün formal qələbə oldu, lakin siyasi baxımdan bu, triumf deyil, xəbərdarlıq siqnalıdır. Hakimiyyət saxlanıldı, amma cəmiyyət birləşdirilmədi. Müxalifət uduzdu, lakin mübarizə üçün əsas qazandı. Xarici güclər isə Ermənistan üzərində təsir imkanlarını genişləndirmək üçün yeni fürsətlər əldə etdilər.
Erməni mediasının həyəcanla vurğuladığı daha bir tezis: ən vacib nəticə isə budur- hakimiyyəti qorumaq ölkəni qorumaq demək deyil...
Geri qayıt
|