Əsas Səhifə > Ana xəbər / Güney Press > Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ...
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ...Bu gün, 08:29 |
|
Paşinyan yəqin yeganə ermənidir ki, azərbaycanlılar onunla məzələnən mahnılar oxusa da, meyxanalar desə də, cürbəcür parodiya edib ağzını yamsılasalar da, içdən-içə çoxumuz ona simpatiya duyuruq.
Paşinyan gənc yaşlarında, hələ jurnalist kimi fəaliyyət göstərərkən Qarabağı Azərbaycana qaytarıb qonşularla sülh içində yaşamaqla bağlı yazılar yazırdı. Doğrudur, o hakimiyyətə gələndə əvvəlcə başqa cür siyasət aparmağa başladı. "Qababağ Ermənistandır və nöqtə" açıqlamasını niyə etdi, Azərbaycana qarşı həqarətə varan addımları hansı məntiqlə atdı, yəqin ki, bunu ancaq Paşinyan özü bilir.
Ancaq bir həqiqət var ki, onun Şuşada yallı oynadığı gün Azərbaycanda səssiz bir üsyan başladı. O gün qəlbində azca vətən, xalq sevgisi olan hər kəs özünü təhqir olunmuş hiss edir, qəzəbindən dəmir çeynəyirdi. Yadımdadı, o gün sosial şəbəkələrdə yazılan şərhlərin məzmunu "özümüzə kişi deməyə haqqımız yoxdu" idi.
Məhz o gündən sonra Azərbaycanın dövlət siyasətindəki dəyişiklər asta-asta hiss edilməyə başladı və cəmi bir il sonra müharibəyə gətirib çıxardı. Qısa zamanda Azərbaycan ordusu bir çox ərazini işğaldan azad edərkən İlham Əliyev öz açıqlamalarında tez-tez məhz o günü xatırlatdırdı: Şuşada sərxoş vəziyyətdə rəqs edən o təlxək çıxsın bəyan etsin ki, Şuşadan çıxıram!
Görünür ki, Şuşadakı o rəqs hər bir azərbaycanlı kimi məllimin də heysiyyətinə toxunub və müharibə məhz Şuşa azad olunana qədər davam edəcək.
Ardını özünüz bilirsiz - Qarabağ azad edildi, videonun əvvəlində Paşinyanla birlikdə heykələ baş əyən seperatçıların keçmiş prezidentləri Bako Sahakyan, Arkadi Gukasyan və digər qondarma liderlər indi Bakı türmələrində cəzasını çəkir..
Qəbul etsək də, etməsək də Azərbaycanda milli oyanışın baş verməsində Paşinyanın bu rəqsinin böyük rolu danılmazdır. Məhz o rəqs həqiqəti şillə kimi üzümüzə çırpdı və biz artıq dözüməyə yer olmadığını anlayıb xalq olaraq ayağa qalxdıq, bu şilləyə yumruqla cavab verdik.
Qazandığımız zəfəri darımıza dadanan donuza Quran oxumaqla yox, məhz əlimizə zopa alıb o donuzu qovmaqla əldə etdik. Erməni cəmiyyətindəki bugünkü aydınlanma həmin şiddətli qapazın nəticəsidir.
Ancaq biz azərbaycanlılar, çox yaxşı bilirik ki, müharibədə zəfər qazanmaq hələ son deyil. Belə olsa, 1994-cü ildəki atəşlə rüsvayçı məğlubiyyət yaşayanda, 30 il boyunca davam edən işğalla bir xalq olaraq barışar, 2020-də müharibəyə başlamazdıq.
Dolayısıyla ermənilərin də kiməsə arxalanıb 30 il sonra revanş xülyasına qapılmağıma imkan vermək olmaz. Tərəflər son müharibənin nəticələrini qəbul edib sülh müqaviləsi imzalamalı, bir-birinin ərazi bütövlüyünü tanımalı, Qafqazı daim müharibə riskinin olduğu bölgələr statusundan çıxarmalıdır.
Gəlinən mərhələdə Paşinyan hökuməti, revanş almaq yox, Qarabağın Azərbaycana olduğunu rəsmi şəkildə tanımağa, əlaqələrin bərpasına hazırdır.
Bu siyasət təkcə Azərbaycanın yox, həm də ermənilərin lehinədir. Çünki 30 il boyunca başqasının ərazilərinə göz dikmək onları dünyada "işğalçı dövlət və xalq" kimi tanıdıb. Bu səbəbdən 30 il boyunca səfalət və yoxsulluq içində, daim boyunlarında boyunduruqla yaşayıblar.
Paşinyan həmin erməniləri cani, uzlaşılmaz toplum statusundan çıxarmağa, öz xalqını öz ərazilərində yaşatmağa çalışır.
Ümid edirəm Paşinyan bəy bu günkü parlament seçkilərində böyük fərqlə qalib gələcək, iki dövlət arasındakı müharibə sülhlə yekunlaşacaq.
Müəllif: Əli Məmmədov - "DİA-AZ"
Geri qayıt |