Əsas Səhifə > Ana xəbər / Güney Press > Demoqrafik fəlakətə doğru gedirik,
Demoqrafik fəlakətə doğru gedirik,Bu gün, 08:19 |
|
"Demoqrafik fəlakətə doğru gedirik, gələcək mənzərəni bu gün sizə göstərmək istəyirəm – lütfən, bu mövzunu əsas müzakirə obyektinə çevirək, çünki, sabah çox gec ola bilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Azərbaycanda doğuşla, təbii artımla bağlı son 5 ilin statistikasına baxanda insan 20-30 il sonrakı mənzərəsini görə bilər və o mənzərə çox qaranlıq görünür. Dövlət adlanan institut həm də məhz 10-20-30 illik proeksiyaları qurmaq üçündür.
Son 5 ildə Azərbaycanda doğuş statistikası:
• 2020: 126 571
• 2021: 112 284
• 2022: 122 846
• 2023: 112 620
• 2024: 102 310
• 2025: 95 875
Digər statistikaya baxaq:
- 2020-ci ildə doğulan uşaqların 67 589 oğlan, 58 982 qız olub,
- 2021-ci ildə 60 300 oğlan, 51 984 qız,
- 2022-ci ildə 64 940 oğlan, 57 906 qız,
- 2023-cü ildə 59 814 oğlan 52 806 qız,
- 2024-cü ildə 54 221 oğlan, 48 089 qız,
- 2025-ci ildə 50 910 oğlan, 44 965 qız övladı dünyaya gəlib.
Son 5 ildə doğulanlar arasında hər 100 qız uşağına, ortalama, 114 oğlan uşağı düşür.
Azərbaycan selektiv abortların sayına görə dünyada öndə olan ölkələrdən biridir – bu da ciddi problemdir.
Azərbaycanda 15-20 ilə ciddi təqaüd böhranı olacağı dəqiqdir, çünki, əhali sürətlə qocalır, altdan gənc dalğa zəifləyir, təqaüdə çıxanların sayı artacaq, işçi sayı isə azalacaq – bu da ciddi məsələdir.
Amma, gələk ən təhlükəli məsələyə, hansı ki, bizi demoqrafik böhrana sürükləyəcək, quyunun dibinə salacaq – son 5-6 ilin rəsmi statistikasından da görünür ki, qız uşaqlarının sayı kəskin azalır.
Gəlin 15-20-25 illik proeksiya quraq:
Məsələn, 2024-2025-ci illərdə cəmi 93054 qız övladı dünyaya gəlib. Onların reproduktiv dövrü, hardasa, 20-25 ildən sonra olacaq. İnşaAllah ki, hamısı sağ-salamat və sağlam həmin dövrə qədəm qoyacaqlar, amma, nəzərə alın ki, onların ən azı 10-15%-i xaricə oğumağa-işləməyə köçəcək, bir qismi xarici vətəndaşlarla evlənəcəklər, bir qismi evlənmək istəməyəcəklər.
Deməli, 2024-25-ci illərdə dünyaya gəlmiş qız övladlarımızın reproduktiv, Azərbaycanda demoqrafik vəziyyətə təsir edən dövrə, hardasa, 70-75 min nəfər qız uşağı olacaq – ölkədə doğuş koffisenti, hətta, 2 olsa belə, bu 140-150 min uşaq, ilə 70-75 min uşaq edir, reallığı, real rəqəmləri götürsək isə bu rəqəm ilə 40-45 minə qədər azalacaq. Deməli, artıq indidən demək mümkündür ki, 20-25 ildən sonra ölkədə doğuş sayı kəskin azalacaq, doğulan uşaq sayı ilə 50 min civarına düşəcək – bu çox pis, Dövlətimiz üçün təhdid olacaq bir ssenaridir. Doğulan qız uşaqlarının sayının kəskin azalması demoqrafiya üçün ən böyük çağırışdır.
Hə, deyəcəksiniz ki, bəs problemin həlli yolları hansılardır – haqlısız, bu haqda çox danışmışıq, amma, gələn həftə geniş yazacam, sadəcə, bu yazının məqsədi odur ki, ciddi bir problem olduğunu qəbul edək.
“Sağalmanın” yolu ilk öncə “xəstəliyin” qəbul edilməsindən keçir..."
Geri qayıt |