Əsas Səhifə > Ana xəbər / Güney Press > Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır”

Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır”


Bu gün, 12:44

2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Monitorinqlərdən biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Yoxlamaların 55-i planlı, biri isə plandankənar olub. Nəticədə 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi idxal edilən qanunsuz dərman preparatları barədə də tez-tez məlumat yayır.

Bu da o deməkdir ki, bəzi apteklərdə insanlara aşağı keyfiyyətdə, bəzi hallarda isə “anoloji” dərmanlar təklif edilir.

Bu isə ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkəmizdə keyfiyyətli dərman problemi var:

“Bəzi şirkətlər ölkəyə müəyyən dərmanlar gətirir. İnsanlar bir müddət həmin dərmanlarla müalicə olunurlar. Və qəfildən həmin dərmanların idxalı dayandırılır. Əvəzində bazara “anoloji” dərmanlar çıxarılır. Bu dərmanlarsa çox zaman əvvəlki dərmanlar kimi keyfiyyətli və effektiv olmur.


Təsadüfi deyil ki, dərmanların keyfiyyətsizliyi barədə təkcə sadə vətəndaşlar deyil, həkimlər də danışır. Çünki dərmanların yan təsirləri öyrənilmir. Əslində istehsalçı şirkətlər ölkəmizə gəlib dərmanların yan təsirlərinin olub-olmamasıyla bağlı iş aparmalıdırlar. Amma bu vaxtadək belə bir hadisəylə rastlaşmamışıq.

Söhbət dərmanın keyfiyyətsiz olmasından getmir. Söhbət dərmanların bizlərə təsirindən gedir. Məsələn, ixtiyari dərman afrikalıya, amerikalıya müsbət, bizə isə mənfi təsir edə bilər, yaxud da əksinə. Yəni dərmanların yan təsirlərinin öyrənilməsi vacibdir.

Tarif Şurası 3 mindən çox dərmanının qiymətini tənzimləyib. Amma bizdə bəzi dərmanlar qonşu dövlətlərdən çox bahadır. Məsələn, “Qalvusmet” Azərbaycanda 75 manata, Türkiyədə 15 manata, Filippində isə 38 manata satılır. Əksər dərmanların qiyməti qonşu və uzaq ölkələrdəki qiymətlərlə müqayisədə çox bahadır”.

Niyə bu qədər aptek var?

Müsahibimiz qeyd edib ki, ölkəmizdə apteklər digər ölkələrlə müqayisədə həddindən artıq çoxdur:

“Bununla belə hansı aptekə getsən, növbələri görəcəksən. Bu qədər tələbat, xəstəliklər nədən törənir? Öyrənilməlidir. Bilinməlidir ki, bu havadandır, qidadandır, yoxsa dərmanların təsirsizliyindən...


Problem ondadır ki, bəzi həkimlər dərman depolarıyla separat danışığa gedir. Dünən bir həkim mənə danışır ki, “dərman depolarını qapıdan qovuruq, bacadan girirlər. Bizə hər yazılan dərman üçün 50 faiz qazanc vəd edirlər”. Bu isə qanun pozuntusu olmaqla, hər birimizin sağlamlığına ciddi təhdiddir”.


Geri qayıt