Əsas Səhifə > Ana xəbər / Güney Press > "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın"

"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın"


Bu gün, 06:04

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. Bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.

Bəs bal sismeti tamamilə ləğv oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, bal sistemini ləğv etmək olmaz:

"Bilirsiniz, məsələ ondadır ki, bəzi insanların maddi imkanı yaxşıdır və onlar üçün cərimə ödəmək ciddi problem yaratmır. Əgər cərimə balı sistemi olmasa, belə şəxslər üçün faktiki olaraq heç bir məhdudiyyət qalmayacaq. Onlar qaydanı pozacaq, cəriməni ödəyəcək və yollarına davam edəcəklər. Məhz buna görə cərimə balı sistemi tətbiq olunur ki, maddi imkanı yüksək olan və cərimələri rahatlıqla ödəyə bilən sürücülər də əlavə məsuliyyət daşısınlar və onlara müəyyən məhdudiyyətlər tətbiq etmək mümkün olsun. Bu baxımdan hesab edirəm ki, bal sistemi ləğv edilməməlidir. Amma bal həddinin artırılması məsələsinə baxmaq olar. Bildiyiniz kimi, əvvəllər limit 10 bal idi, sonradan 20 bala qaldırıldı. Məncə, bu həddin 30 və ya 40 bala çatdırılması daha məqsədəuyğun olardı. Çünki son dövrlərdə bəzi inzibati xətalara görə cərimə balları da tətbiq edilməyə başlanıb. Bu isə sürücülər üçün əlavə çətinliklər yaradır. Düzdür, cərimə və ya protokol qayda pozuntusuna görə tətbiq olunur, heç kim səbəbsiz yerə cərimələnmir. Lakin bəzi hallarda insanlar bilməyərəkdən və ya diqqətsizlik nəticəsində qayda pozuntusuna yol verirlər".

Onun sözlərinə görə, xüsusilə son illərdə avtobus zolaqları ilə bağlı qaydalar və cərimə balları nəzərdə tutan digər inzibati tədbirlər tətbiq olunur.

Nəticədə sürücülərin topladığı balların sayı sürətlə artır. Bal limiti 20-ni keçdikdə isə sürücülük vəsiqəsinə məhdudiyyət qoyulur. Bu isə bir çox hallarda insanların iş fəaliyyətinə, peşəsinə və ümumilikdə həyat tərzinə ciddi mənfi təsir göstərir. Buna görə də təklif edirik ki, cərimə balının yuxarı həddi təxminən 30 və ya 40 bala qədər artırılsın. Hesab edirəm ki, bu, həm yol hərəkəti təhlükəsizliyinin qorunmasına xidmət edər, həm də sürücülərin üzləşdiyi bəzi problemlərin azalmasına kömək göstərər", - deyə Y.Mustafayev bildirdi.


Geri qayıt