|

Nizami Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Adil Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, o, cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işinin icraatına xitam verilib. Adil Səfərov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
İttihama görə, Adil Səfərov müxtəlif vədlərlə vətəndaşların etibarını qazanaraq onların pul vəsaitlərini ələ keçirmək məqsədilə dələduzluq əməlləri törədib.
Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmiş şəxslərdən birinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarından razılıq alacağını vəd edib. Özünün guya müəyyən əlaqələrə malik olduğunu bildirən təqsirləndirilən şəxs həmin şəxsi aldadaraq bu məqsədlə 2024-cü ildə 1 500 manat pul alıb və vəsaiti mənimsəyib.
Bundan başqa, Adil Səfərov oxşar üsulla başqa bir şəxsin də etibarından sui-istifadə edib. Belə ki, Bakı şəhərinin Xətai rayonu ərazisində tikilməsi nəzərdə tutulan yaşayış binası ilə bağlı yaranmış vəziyyətdən istifadə edən təqsirləndirilən şəxs tikinti layihəsinə etiraz edən şəxsdən notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi alınacağını bildirib. Bu məqsədlə o, tikinti layihəsini həyata keçirən MMC-nin təsisçisini aldadaraq əvvəlcə 2 000 manat, daha sonra isə 3 000 manat olmaqla ümumilikdə 5 000 manat pul vəsaiti əldə edib.
Beləliklə, Adil Səfərov müxtəlif vaxtlarda ümumilikdə 6 500 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməkdə təqsirləndirilib və onun əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə, yəni təkrar dələduzluq kimi tövsif olunub.
Məhkəmə iclasında ifadə verən Adil Səfərov ittiham üzrə özünü tam təqsirli bilib. O, hadisələrin ittiham aktında göstərilən qaydada baş verdiyini təsdiqləyərək zərərçəkmiş şəxslərdən birindən tikintiyə razılıq alınması adı ilə 1 500 manat, digərindən isə notarial razılıq sənədi əldə ediləcəyi vədi ilə 5 000 manat aldığını etiraf edib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu söyləyərək vurduğu zərərin tam şəkildə ödənildiyini qeyd edib. O, həmçinin zərərçəkmiş şəxslərlə barışdığını, onların artıq ondan şikayət və tələblərinin olmadığını vurğulayıb. Bundan başqa, qanunvericiliyin tələblərinə uyğun olaraq vurulmuş ziyanın 25 faizi həcmində vəsaiti dövlət büdcəsinə ödədiyini də məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslərdən biri də ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və ya tələbinin qalmadığını bildirib.
Qeyd: Adil Səfərov Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub.
Geri qayıt
|