Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdi
Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdiBu gün, 12:10 |
|
Rusiya ilə Ermənistan arasında iqtisadi və siyasi gərginlik pik həddə çatıb. “AzPolitika” xəbər verir ki, rəsmi Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşmaq cəhdlərinə cavab olaraq İrəvanı enerji blokhadası və iqtisadi sanksiyalarla hədələyir. Ermənistan Baş naziri Nikol Paşinyan isə gərginliyi azaltmağa çalışsa da, ölkəsinin suveren qərarlar verəcəyini bəyan edir. Rusiya Energetika naziri Sergey Tsivilyov Ermənistan tərəfinə rəsmi məktub göndərildiyini təsdiqləyib. Məktubda Moskva açıq şəkildə xəbərdarlıq edib ki, İrəvanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxıb Avropa İttifaqına inteqrasiya etmək planı reallaşarsa, Ermənistana ucuz qaz və neft məhsullarının satışı dayandırılacaq: "Ermənistan hazırda neft və qazı kifayət qədər sərfəli qiymətlərlə alır. Avropada qazın qiyməti bundan qat-qat baha edir. Əgər onlar Avrasiya İqtisadi İttifaqından Avropa İttifaqına doğru getsələr, biz onlara hazırkı qiymətlərlə qaz və neft məhsulları tədarük edə bilməyəcəyik. Qoy hər kəs hadisələrin necə inkişaf edəcəyini əvvəlcədən bilsin". Qeyd edək ki, Ermənistan hazırda Rusiyadan qazın hər 1000 kubmetrini rəsmi olaraq 165 dollara alır (qazın sıxlığına görə bu rəqəm faktiki olaraq 175 dolları keçir). Rusiya tərəfi isə bu qazın Avropadakı bazar qiymətinin 600 dollardan yuxarı olduğunu xatırladır. Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadan gələn bu təhdidləri soyuqqanlı qarşılamağa çalışıb. O bildirib ki, son 8 ildə bu cür məktubları bir neçə dəfə alıblar və hökumətin bu istiqamətdə iş təcrübəsi var: "Ermənistan artıq kartofun qiyməti 5 dram qalxan kimi xalqın təzyiqi yüksələn, kiminsə ümidinə qalan ölkə deyil. Ermənistan artıq minlərin yox, milyardların və trilyonların ölkəsidir. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya gözlənilir". Paşinyan həmçinin vurğulayıb ki, İrəvan hazırda Aİİ-dən çıxmağı planlaşdırmır və bu ittifaqdakı rıçaqlardan Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün istifadə edəcək. O, Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmanın Aİİ üzvlüyü ilə ziddiyyət təşkil etmədiyini iddia edib: "Bu, bəlkə 2030, bəlkə 2040-cı ilə qədər, bəlkə də elə 2026-cı ilin dekabrına qədər uyğunluq təşkil edəcək. Bunu zaman göstərəcək. Bu bizim suveren qərarımızdır". Paşinyanın Qərbin TRIPP proqramı çərçivəsində Ermənistanın milyardlar qazanacağı barədə bəyanatına Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov istehza ilə cavab verib: "Əgər Ermənistan Baş naziri Rusiya ilə münasibətlərin pisləşməsinə rəğmən ölkəsinin zənginləşəcəyini düşünürsə, qoy buna nail olsun". Paşinyan Rusiya tərəfindən idarə olunan Ermənistan Dəmir Yollarının rəsmi İrəvana qaytarılması məsələsini də yenidən gündəmə gətirib. O, Rusiya Prezidenti Vladimir Putinlə aprel ayında bu barədə razılığa gələ bilmədiklərini etiraf etsə də, İrəvanın bu iddiadan əl çəkməyəcəyini deyib: "Biz öz dəmir yolumuzu metal qırıntısı vəziyyətində saxlaya bilmərik. Onun böyük tranzit potensialı var". Son olaraq, Baş nazir Kreml ilə aydınlaşdırılmalı bir çox məsələlərin olmasına rəğmən, Aİİ-nin növbəti sammitinə şəxsən qatılmayacağını, Ermənistanı tədbirdə Baş nazirin müavini Mher Qriqoryanın təmsil edəcəyini bəyan edib. Geri qayıt |