Əsas Səhifə > Ana xəbər / Güney Press > Prezidentin tarixi Böyük Qaladərəsi mesajları
Prezidentin tarixi Böyük Qaladərəsi mesajlarıBu gün, 09:19 |
|
Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığın əsas istiqamətlərini əks etdirir. Bunu Musavat.com-a açıqlaması zamanı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. Deputat ölkə Prezidentinin səsləndirdiyi fikirlərə diqqət çəkib: “Dövlət başçısı çıxışında xüsusilə vurğuladı ki, Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr təsadüfi deyil, uzunmüddətli strateji hazırlığın nəticəsidir: “Biz güc yığırdıq, güc toplayırdıq - həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə”. Bu fikir Azərbaycanın məhz Prezident İlham Əliyevin son 20 ildən artıq bir müddətdə həyata keçirdiyi dövlət quruculuğu modelinin mahiyyətini ifadə edir. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müasir ordunun formalaşdırılması və beynəlxalq diplomatik mövqelərin möhkəmləndirilməsi nəticə etibarilə Azərbaycanın regional güc balansında mövqeyini ciddi şəkildə dəyişdi. Prezident İlham Əliyev həm 2020-ci il Vətən müharibəsini, həm də 2023-cü ildə suverenliyin tam bərpasını “Şanlı Zəfər” kimi xarakterizə edərək vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə təmin olunub. Bu nəticə yalnız hərbi qələbə deyil, həm də siyasi və hüquqi baxımdan tarixi dönüş nöqtəsidir”. R.Nəbiyevin sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər yalnız postmünaqişə dövrünün cari siyasi reallıqlarını deyil, eyni zamanda Azərbaycanın son 30 illik dövlətçilik strategiyasını, milli müqavimət fəlsəfəsini və regional güc balansında formalaşdırdığı yeni geosiyasi mövqeyi əks etdirir: “Dövlət başçısının çıxışında Zəfər, dövlət suverenliyi, milli iradə, tarixi ədalətin bərpası və güclü dövlət quruculuğu kimi əsas ideoloji xəttlər xüsusi yer tutur”. Deputat hesab edir ki, Prezidentin çıxışının əsas ideoloji xəttlərindən biri Azərbaycan xalqının milli iradəsi və mənəvi dayanıqlılığı ilə bağlı idi: “Prezident qeyd etdi ki, xalq ağır humanitar və sosial çətinliklərə baxmayaraq, heç vaxt doğma torpaqlara qayıdış ümidini itirməyib. “Xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir”. Bu kontekstdə Prezidentin keçmiş məcburi köçkünlərlə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır. 30 il ərzində doğma yurdlarından uzaqda yaşamalarına baxmayaraq, insanların qayıdış ümidini itirməməsi dövlət və cəmiyyət arasında formalaşmış milli həmrəylik modelinin göstəricisi kimi təqdim olunur. Bu yanaşma postmünaqişə dövründə həyata keçirilən “Böyük Qayıdış” siyasətinin yalnız infrastruktur layihəsi deyil, həm də sosial-mənəvi və siyasi proses olduğunu göstərir”. R.Nəbiyev bildirib ki, azad edilmiş ərazilərə qayıdışın təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi vurğulandı: “Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik tarixinin mürəkkəb mərhələlərinə də toxunaraq tarixi müqayisə və paralellər apardı. O qeyd etdi ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il fəaliyyət göstərə bildi və o dövrdə müstəqilliyi qorumaq mümkün olmadı. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, 1991-ci ildə yenidən əldə edilmiş müstəqillik də ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxildəki siyasi böhran və vətəndaş qarşıdurması ölkəni ağır vəziyyətə salmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətçiliyin qorunmasında həlledici rol oynadı. Ölkədə sabitlik bərpa edildi, iqtisadi və siyasi inkişafın əsasları formalaşdırıldı, dövlət institutları möhkəmləndirildi. Bu kontekstdə Prezident İlham Əliyevin “biz hər gün azadlıq gününü yaxınlaşdırırdıq” fikri dövlət strategiyasının uzunmüddətli və ardıcıl xarakter daşıdığını göstərir. Azərbaycan illər ərzində həm hərbi, həm iqtisadi, həm də diplomatik gücünü sistemli şəkildə artıraraq hədəfinə doğru irəlilədi”. Deputat qeyd edib ki, Prezident çıxışında azad edilmiş ərazilərin coğrafi relyef və hərbi baxımdan son dərəcə mürəkkəb olduğunu da xüsusi vurğulayıb: “Laçın, Kəlbəcər, Füzuli və digər istiqamətlərdə möhkəmləndirilmiş müdafiə xətləri, mina sahələri və çətin dağ relyefi mövcud idi. Buna baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək bu maneələri aşdı. Dövlət başçısı şəhidlərin və qazilərin fədakarlığını xüsusi qeyd etdi: Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsini haqqlı olaraq müasir tarixdə nadir rast gəlinən “mütləq Qələbə” kimi xarakterizə etdi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi və Azərbaycanın bütün strateji məqsədləri reallaşdı”. “O qeyd etdi ki, hazırda müxtəlif bölgələrdə gedən münaqişələrin nəticələrinin necə olacağı məlum deyil və tərəflərin hər biri özünü qalib elan etməyə çalışır. Prezident vurğuladı ki, Azərbaycan nümunəsi bu baxımdan fərqlənir. Çünki burada həm hərbi, həm siyasi, həm də hüquqi nəticələr tam şəkildə təmin edilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, yeni regional reallıq, yeni siyasi şərait formalaşıb. Bu yanaşma Azərbaycanın postmünaqişə modelini beynəlxalq müstəvidə fərqləndirən əsas amillərdən biri kimi təqdim olunur. Məhz bu amillərə görə, Prezident İlham Əliyev 2025-ci ilin sentyabrında BMT Baş Məclisində etdiyi çıxışda beynəlxalq birliyə mesaj verdi ki, “Azərbaycan müharibəni uddu, sülhü qazandı””. Geri qayıt |