Əsas Səhifə > Ana xəbər / Güney Press > Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir?
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir?Bu gün, 10:09 |
|
Britaniyanın nüfuzlu The Guardian nəşrində Patrick Wintour tərəfindən qələmə alınan “A bridge, not an obstacle: is Armenia a new crossroads between east and west?” ( Körpü olmaq, maneə olmamaq: Ermənistan Şərqlə Qərb arasında yeni kəsişmə nöqtəsinə çevrilirmi? ) məqaləsi Ermənistanın geosiyasi transformasiyasını təsvir etməklə yanaşı, bu prosesə müəyyən ideoloji çərçivə də verir. Yazı formal olaraq analitik xarakter daşısa da, onun ümumi tonu və vurğuları Nikol Paşinyanın siyasi kursunu legitimləşdirən narrativin bir hissəsi kimi çıxış edir. Məqalənin mərkəzi ideyası Ermənistanın “maneə”dən “körpü”yə çevrilməsi tezisi üzərində qurulub: “The challenge is how to become a bridge rather than an obstacle.” (“Əsas çağırış Ermənistanın maneə yox, körpüyə çevrilməsidir”) Bu yanaşma Paşinyanın irəli sürdüyü “Real Armenia” konsepsiyası ilə üst-üstə düşür. Bu model tarixi iddialardan imtina etməyi və praqmatik siyasət yürütməyi nəzərdə tutur: “Real Armenia doctrine requires making a painful peace." (“Real Ermənistan doktrinası ağrılı bir sülhə getməyi tələb edir”) Bu fikir sadəcə sülhün zəruriliyini deyil, onun alternativsiz seçim kimi təqdim edildiyini göstərir. Bu yanaşma Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını problem yox, normal və məntiqi proses kimi təqdim edir. Eyni xətt Politico tərəfindən daha açıq ifadə olunur: “Pashinyan has steered Armenia away from Moscow’s orbit.”(“Paşinyan Ermənistanı Moskvanın təsir dairəsindən uzaqlaşdırıb”) Bu cümlədə Paşinyan passiv fiqur kimi deyil, aktiv transformasiya aparan lider kimi təqdim edilir. Bu ifadə zahirən neytral görünsə də, mahiyyət etibarilə eyni istiqaməti göstərir: Ermənistanın gələcəyi Moskva ilə deyil, daha geniş geosiyasi seçimlərlə əlaqələndirilir. Bütün bu sitatlar birlikdə vahid informasiya çərçivəsi yaradır. Bu çərçivədə Ermənistan: keçmişdə Rusiyaya bağlı, bu gün transformasiya edən, gələcəkdə isə Qərbə inteqrasiya olunan dövlət kimi təqdim edilir. Paşinyan isə bu transformasiyanın əsas memarı kimi göstərilir. Qərb mediasında Ermənistanla bağlı formalaşan yanaşma təsadüfi və pərakəndə deyil, əksinə, ardıcıl və sistemli narrativ üzərində qurulub. The Guardian kimi nüfuzlu nəşrdə yer alan fikirlər bu yanaşmanın əsas konturlarını aydın şəkildə göstərir. Məqalədə Ermənistanın yerləşdiyi mühit “a five-way tug of war between Russia, the US, Turkey, Europe and Azerbaijan.” (“Rusiya, ABŞ, Türkiyə, Avropa və Azərbaycan arasında beştərəfli mübarizə”) kimi təqdim olunur. Bu yanaşma ölkəni sadəcə regional aktor kimi deyil, qlobal geosiyasi rəqabətin mərkəzində yerləşdirir. Bu kursun məntiqi davamı kimi isə belə bir tezis irəli sürülür: “Peace and open borders are the right path for Armenia and the whole region” (“Sülh və açıq sərhədlər Ermənistan və bütün region üçün doğru yoldur”). Əlbəttə, bu yanaşma tənqidsiz deyil. Məqalədə müxalifətin mövqeyinə də yer verilir. Lakin bu mövqelər daha çox emosional və ya populist kontekstdə təqdim olunur. Bu isə oxucuya dolayı şəkildə hansı tərəfin daha “rasional” olduğu barədə mesaj verir. Qərb mediasında formalaşan bu düşüncə sadəcə informasiya vermir. O, siyasi seçimləri çərçivələndirir və müəyyən istiqamətləri legitimləşdirir. Paşinyanın siyasəti açıq şəkildə dəstəklənməsə də, onun alternativsiz və rasional yol kimi təqdim edilməsi faktiki olaraq eyni nəticəni doğurur. Qərb mediası Paşinyanı müdafiə etdiyini elan etmir, amma onun kursunu yeganə realist seçim kimi təqdim edir. Elbəyi Həsənli.Sürix - musavat.com P.S Bu kontekstdə ABŞ dövlət katibi Marco Rubionun Ermənistana növbəti səfəri də təsadüfi deyil. Bu cür səfərlər sadəcə diplomatik protokol deyil — onlar siyasi siqnaldır. Vaşinqton bununla açıq şəkildə göstərir ki, Ermənistan artıq onun diqqət mərkəzindədir və regionda yeni geosiyasi düzənin qurulmasında rol oynayır. Bu, Paşinyanın yürüdüyü kursun Qərb tərəfindən qəbul edildiyini və dəstəkləndiyini göstərən növbəti mesajdır. Belə səfərlər həm daxili auditoriyaya, həm də Moskvaya ünvanlanır: Ermənistanın istiqaməti dəyişir və bu dəyişiklik artıq təkcə söz yox, real siyasi hərəkətlərlə müşayiət olunur. Geri qayıt |