Əsas Səhifə > Ana xəbər / Güney Press > Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki

Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki


Bu gün, 05:51

"Yelo Bank" ASC 2026-cı ilin birinci rübünə dair rəsmi balans, mənfəət-zərər və regional hesabatlarını açıqlayıb. Hesabat dövrünün nəticələri bankın mənfəətində, depozit portfelində və kapital göstəricilərində dəyişikliklərin baş verdiyini göstərir.

32gun.az xəbər portalının İqtisadiyyat şöbəsi olaraq bankın təqdim etdiyi rəsmi balans, mənfəət-zərər və regional hesabatlar üzərində apardığımız araşdırma bankın mənfəətində kəskin azalma və depozit həcmində itkilər olduğunu göstərir.

Xalis mənfəət bir ildə 40 faizdən çox çökdü

“Yelo Bank”ın mənfəət və zərər hesabatına əsasən, ötən illə müqayisədə gəlirlilik səviyyəsi aşağı düşüb. Yelo Bank 2025-ci ilin birinci rübünü 11 milyon 199 min manat xalis mənfəətlə başa vurduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 6 milyon 685 min manata geriləyib. Mənfəətin təxminən 40.3% azalmasının əsas səbəbi faiz xərclərinin 13.1 milyon manatdan 20.2 milyon manata yüksəlməsidir. Bununla yanaşı, mümkün kredit risklərinə qarşı bank cari rübdə gəlirlərindən əlavə olaraq 1.8 milyon manat vəsaiti ehtiyatlara ayırıb.

Keçmiş fəaliyyət dövrlərindən yığılan zərər 206 milyon manatı ötüb

Bankın maliyyə hesabatlarında diqqət çəkən əsas məqamlardan biri keçmiş fəaliyyət dövrlərindən formalaşan irihəcmli zərər göstəricisidir. Rəsmi sənədlərə əsasən, "Yelo Bank"ın yığılmış bölüşdürülməmiş xalis zərəri rübün sonuna 206 milyon 992 min manat təşkil edib. Bu göstərici səhmdarların banka qoyduğu 378 milyon manatlıq nizamnamə kapitalının yarıdan çoxuna bərabərdir. Mövcud zərər səbəbindən bankın ümumi kapitalı 183.1 milyon manat səviyyəsinə enib və bu da gələcəkdə səhmdarlar tərəfindən yeni kapitalın cəlb edilməsi ehtiyacını gündəmə gətirə bilər.

Depozit portfelindəki dəyişikliklər

Bankın balans göstəricilərinə baxsaq, hesabat rübündə depozit portfelinin aşağı düşməsi diqqət çəkir. 2025-ci ilin sonuna bankdakı ümumi depozitlərin həcmi 1 milyard 094 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin mart ayının sonuna bu göstərici 1 milyard 064 milyon manata geriləyib. Beləliklə, cari ilin ilk 3 ayı ərzində fiziki və hüquqi şəxslərin bankdakı vəsaitləri 30.1 milyon manat azalıb.

Regionlarda kredit faizləri daha yüksəkdir: Risk amilləri artır

"Yelo Bank"ın regional kredit portfeli üzrə hesabatına əsasən, paytaxt və regionlar arasında faiz dərəcələrində fərqlər mövcuddur. Bakı şəhərində kreditlər orta hesabla 15.56% ilə təklif edildiyi halda, bəzi regionlarda bu göstərici daha yüksəkdir. Təhlillər göstərir ki, bankın orta kredit dərəcəsi Neftçalada 21.30%, Salyanda 20.32%, Zərdabda isə 20.04% təşkil edir. Regionlardakı yüksək faiz dərəcələri kreditlərin qaytarılmama riskini artıran amillərdəndir. Rəsmi hesabat dövrünə görə, ölkə üzrə vaxtı keçmiş kreditlərin əsas məbləği artıq 20.9 milyon manata çatıb.

Minimum normativ tələblərinə yaxınlaşan göstəricilər

Kapital adekvatlığı minimum normativə yaxınlaşır"Yelo Bank"ın kapital adekvatlığı göstəriciləri tənzimləyicinin tələblərinə cavab versə də, minimum həddə yaxın səviyyədədir. Bankın məcmı kapitalının adekvatlıq əmsalı hazırda 13.48% təşkil edir ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi 12%-lik minimum normativə yaxındır. Artan xərcləri, depozit həcminin azalmasını və 206 milyon manatlıq yığılmış zərəri nəzərə alsaq, adekvatlıq əmsalının bu səviyyədə olması, bankın gələcəkdə kredit portfelini böyütmək və yeni gəlirlər əldə etmək imkanlarını məhdudlaşdıra bilər.

Qeyd edək ki, Yelo Bank ASC (əvvəlki adı “Nikoil Bank”) Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən aparıcı kommersiya maliyyə institutlarından biridir. Bankın əsas səhmdarları sırasına “Topaz Investments Limited” MMC (%95.68), Marina Kulişova (%4.22) və “ISR Holding” MMC (%0.10) daxildir.

Qurumun faktiki əsas sahibi isə azərbaycanlı milyarder, “Lukoil” şirkətinin sabiq prezidenti Vahid Ələkbərovdur.

Müşahidə Şurasının sədri Marina Kulişova, İdarə Heyətinin sədri Anar Həsənovdur.

Xatırladaq ki, Yelo Bank (keçmiş "Nikoil Bank") son dövrlərdə mətbuatda bir sıra səs-küylü mövzularla gündəmə gəlib. Cari ildə bankın Rusiya-Ukrayna münaqişəsindən əvvəl Rusiyanın Maliyyə Məlumatlarının Ötürülməsi Sisteminə (SPFS) qoşulması əsas gətirilərək Avropa İttifaqının sanksiya siyahısına salınması ölkənin maliyyə sektorunda geniş müzakirə olunub. Bununla yanaşı, Hüquq-mühafizə orqanları tərəfindən bankın Bərdə filialında 3.5 milyon manatlıq mənimsəmə faktı üzrə cinayət işi açılıb və aidiyyatı vəzifəli şəxslər həbs edilib. Digər tərəfdən, maliyyə institutu Mərkəzi Bankın hesabatlarında müştəri şikayətlərinin sayına görə ön sıralarda yer alıb və filial rəhbərlərinin külli miqdarda dələduzluq əməllərinə görə uzunmüddətli həbs cəzaları alması ilə diqqət çəkib.



Geri qayıt