|

Hökumət başçılarının Aşqabaddakı toplantısına Paşinyan hökumətindən gedən olmadı-səbəblər
Aşqabadda Müstəqil Dövlətlər Birliyi(MDB) Hökumət Başçıları Şurasının iclasına Ermənistan hökuməti təmsilçi göndərməyib. Musavat.com MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, Türkmənistanı Nazirlər Kabineti sədrinin müavini Xocamirat Geldımuradovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycanıbaş naziri Əli Əsədov, Belarusu bu ölkənin hökumət başçısı Aleksandr Turçin, o cümlədən Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın baş nazirləri qatılıblar. Ermənistan isə toplantıya hökumətdən heç kimi göndərməyib. Bu ölkəni MDB-dəki daimi səlahiyyətli nümayəndəsi, Belaruakı səfiri Razmik Xumaryanı göndərməklə kifayətlənib. Dar formatda hökumət başçıları Müstəqil Dövlətlər Birliyində iqtisadi əməkdaşlığın cari məsələləri barədə fikir mübadiləsi aparıb, dövlətlərarası əməkdaşlıq proqramının 2026-cı ilə qədər həyata keçirilməsinə dair hesabatı müzakirə ediblər. Bəllidir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl seçki kampaniyası zamanı Lori bölgəsinin Şnoq kəndinin sakinləri ilə görüşündə Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atılmayacağı barədə verdiyi açıqlama, hakim partiyanın seçkilərə gedəcəyi rəsmi sənədlə kökündən ziddiyyət təşkil edir.Seçicilərlə görüşdə baş nazir komandasının heç vaxt Rusiyanın maraqlarına zidd hərəkət etmədiyini və etməyəcəyini iddia etdi.
Bu arada “news.am” saytı yazır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasında Rusiya və hərbi-siyasi ittifaqlarla münasibətlərdə dərin strateji öhdəlikdən məsafəni qorumağa və münasibətləri yenidən formatlaşdırmaqda davam edəcək. Yəni Paşinyan hökuməti 2026-cı il seçki proqramında Rusiya ilə bütün hərbi-siyasi münasibətləri gündəmdən çıxarmaqda qərarlıdır.Bu, onilliklərdir ölkənin xarici siyasətinin əsasını təşkil edən çoxtərəfli təhlükəsizlik sisteminin kökündən rədd edilməsi deməkdir. Qeyd olunur ki, söhbət təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistanın tutduğu mövqedən getmir. Məlumdur ki, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulduğu bildirilir və hökumət bu strukturda aktiv iştiraka qayıtmağa yönəlmiş addımların atılmayacağını açıqlayıb. Rusiya ilə münasibətlər hazırda "konstruktiv transformasiya mərhələsində" kimi xarakterizə olunur. O da qeyd olunur ki, növbəti addım mütləq Ermənistanın MDB-dən çıxacağı yönündədir. Maraqlıdır ki, təkcə Paşinyan hökuməti yox, onun Respublika Partiyasından olan dəstəçkilıri də Rusiya ilə münasibətlərdə çox sərt mövqe tutur. Seçki proqramında Respublika Partiyası 1 dekabr 2026-cı ilə qədər Rusiya ilə birgə hava hücumundan müdafiə sistemindən və bir il ərzində KTMT-dən çıxmaqda təkid edib. "Mövcud vəziyyətə uyğun olan, müstəqillikdən sonra bağlanmış müqavilələri ləğv edən Rusiya Federasiyası ilə yeni hərtərəfli əməkdaşlıq müqaviləsi bağlamaq. MDB və AİB-dən çıxmaq, 2031-ci ilə qədər hamar iqtisadi keçidi təmin etmək", - deyə Respublika Partiyasının proqramında bildirilir. Ermənistanın MDB kimi təşkilatlarda aktivliyini azaltması həm də daxili auditoriyaya yönəlmiş siyasi mesajdır. Hakimiyyət göstərməyə çalışır ki, ölkə artıq əvvəlki kimi Rusiyadan asılı siyasət yürütmək niyyətində deyil və daha “müstəqil” xətt seçir. Bu demarş Ermənistanın MDB-dən çıxmasının anonsu deyil, amma bu istiqamətdə atılan növbəti siqnal kimi dəyərləndirilə bilər. Yada salaq ki, Avropa Birliyinə üzv olmaq istəyən Moldova artıq MDB-dən çıxmağı rəsmiləşdirib.
Geri qayıt
|