Əsas Səhifə > Ana xəbər / Güney Press > "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..."

"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..."


Bu gün, 09:57

Xalq yazıçısı Kamal Abdullanın yerli mediaya verdiyi müsahibədə qadınlarla bağlı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

O bildirib ki, qadının əsas rolu ailə və övlad qayğısı ilə bağlı olmalıdır:

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o başqa məsələdir.

Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər”.

Səsləndirilən bu fikirlər sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəzi şəxslər bu yanaşmanı ənənəvi ailə modeli kimi dəyərləndirsə də, digərləri qadınların cəmiyyətdə və iş həyatında rolunun məhdudlaşdırılması kimi qiymətləndirib.

Qadının yalnız ev və ailə ilə məhdudlaşdırılması nə dərəcədə doğru yanaşmadır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Kamal Abdullanın səsləndirdiyi bu fikrə emosional yanaşmaq düzgün deyil, mahiyyət etibarilə yanaşmaq lazımdır:

"Kamal Abdulla Azərbaycanın böyük alimidir, illərdir elmə, təhsilə, ədəbiyyata xidmət edən ziyalı şəxsiyyətdir. Onun bu fikri Azərbaycan qadınını aşağılamaq, qadının cəmiyyətdəki rolunu kiçiltmək mənasında deyilməyib. Əksinə, müasir dövrdə sürətlə aşınan ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır.

Bu gün hamımız görürük ki, valideyn nəzarətindən və diqqətindən uzaq böyüyən uşaqların sayı artır. Bir çox uşaqlar faktiki olaraq təkbaşına böyüyür, sosiallaşmaqda çətinlik çəkir, yanlış mühitlərin, mənfi təsirlərin hədəfinə çevrilirlər.

Ailə daxilində ünsiyyətin azalması, valideynlə övlad arasında mənəvi bağların zəifləməsi artıq cəmiyyət üçün ciddi problemə çevrilib. Bu baxımdan anaların övlad tərbiyəsində rolunun xüsusi vurğulanması təbii qarşılanmalıdır".

O qeyd edib ki, amma reallığın digər tərəfi də var:

"Həyat şərtləri elədir ki, bir çox ailədə kişilər ailənin bütün yükünü təkbaşına daşımaq imkanında olmur. Qadınlar işləyərək həm özlərini reallaşdırır, həm də ailənin maddi yükünə dəstək verirlər.

Azərbaycan qadını bu gün həm ana, həm çalışan qadın, həm də ailənin dayağı rolunu eyni vaxtda daşıyır. Ona görə məsələni “qadın işləməsin” kimi sərt çərçivədə təqdim etmək doğru olmaz.

Düşünürəm ki, burada əsas mesaj ailə institutunun qorunması, uşaqların diqqət və qayğı içində böyüməsinin vacibliyidir. Çünki sağlam cəmiyyətin təməli məhz sağlam ailədən başlayır".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirib ki, məhz təhsil alan, düşünən və ictimai həyatda iştirak edən qadın ailəni də daha sağlam, daha güclü və daha təhlükəsiz edə bilir:

“Kamal Abdullanın “biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri qarşısında susmaq çətindir.

Çünki bu söz sıradan bir şəxsin deyil, özünü söz adamı kimi təqdim edən, strateji əhəmiyyət daşıyan bir təhsil müəssisəsinə rəhbərlik edən şəxsin dilindən səslənir.

Əminəm ki, sonra deyiləcək ki, fikir “müsbət mənada” ifadə olunub, ailə dəyərləri nəzərdə tutulub və sair. Amma məsələ məhz burada başlayır. Sözün sosial, psixoloji, hüquqi və mənəvi təsirini yaxşı bilməli olan bir insan dediyi cümlənin cəmiyyətə necə mesaj verdiyini də bilməmiş deyil.

Çünki vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır, ictimai təsir vasitəsinə çevrilir".

O vurğulayıb ki, belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır:

"Bu gün Azərbaycan dövləti qadınların təhsildə, ictimai həyatda, idarəetmədə iştirakını artırmaq üçün proqramlar həyata keçirir, gender bərabərliyi ilə bağlı öhdəliklər götürür, qadınların iqtisadi güclənməsini prioritet istiqamət kimi təqdim edir. Strateji bir təhsil müəssisəsinin rəhbəri bunları bilməmiş deyil.

O halda belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır. Məhz ziyalı statusunda olan insanlar tərəfindən bu tip fikirlər cəmiyyətdə onsuz da mövcud olan stereotipləri legitimləşdirir.

Yəni qadının fəaliyyəti, bacarığı, elmi və ictimai potensialı yox, onun “harada olmalı olduğu” müzakirə predmetinə çevrilir. Bu isə təkcə qadına münasibət məsələsi deyil, bütövlükdə cəmiyyətin inkişaf modeli ilə bağlı məsələdir.

Qadının yalnız mətbəx və evlə məhdudlaşdırıldığı heç bir cəmiyyət uzunmüddətli inkişaf, innovasiya və sağlam sosial düşüncə modeli qura bilməyib. Çünki qadını ictimai həyatdan geri çəkmək, əslində cəmiyyətin öz potensialının yarısını zəiflətmək deməkdir".


Geri qayıt