Əsas Səhifə > Ana xəbər / Güney Press > Əgər universitet dünya elminə təsir etmirsə...

Əgər universitet dünya elminə təsir etmirsə...


Bu gün, 03:46

"İçində elm olmayan universitetin fasadı nə qədər parlaq olsa da, o bina gələcəyin iqtisadiyyatını qura bilməz..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti İlham Əhmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Son onilliklərdə Azərbaycan universitetlərində yeni korpuslar, parlaq fasadlar, bərq vuran auditoriyalar, bəzəkli inzibati binalar, kampus infrastrukturu çox vaxt “inkişaf” kimi təqdim olunub.
Əgər universitet dünya elminə təsir etmirsə, texnologiya yaratmırsa, yüksək səviyyəli insan kapitalı formalaşdırmırsa, onda onun bahalı binası strateji göstərici deyil, israfçılıq göstəricisidir.
Əgər universitet maaş, kommunal xərc, cari idarəetmə problemləri arasında sıxılıbsa, ondan Harvard modeli gözləmək absurdluqdur.
Gürcüstan yeni nəsil universitet yaratmağa, beynəlxalq professorlar gətirməyə, elmi infrastruktura, texnologiya yönümlü təhsilə strateji sərmayə qoydu: 3 ildə 3 milyard avro həcmində. Bu bizim 50 universitetimizə 25 ildə edilən investisiyadan dəfələrlə çoxdur.
ETN-nin “uzaqgörən təhsil siyasəti” nəticəsində 25 ilə distant təhsil sistemi qura bilməyən universitetərin nə perspektivi ola bilər ki?
Əgər məmurlar universitetləri strateji milli layihə kimi görmürsə, elmi inkişafı prioritetə çevirmirsə, akademik keyfiyyətə uzunmüddətli investisiya qoymursa, onda beynəlxalq əməkdaşlıq, biznes tərəfdaşlığı, formal islahatlar real nəticə verməyəcək.
Əgər universitet sistemi zəifdirsə, işlər əsasən imitasiya üzərində qurulubsa, tədqiqat istehsal etmirsə, onda post-neft iqtisadiyyatına keçid son dərəcə çətin olacaq. Çünki gələcəyin əsas sərvəti neft quyusu deyil, düşünən insandır..."

Geri qayıt