Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyədə ERMƏNİBAZLIQ...
Türkiyədə ERMƏNİBAZLIQ...Bu gün, 07:13 |
|
Türkiyədə erməni mənşəli jurnalistlərin nəşr etdirdikləri “Agos” qəzetində Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədovun açıqlamasını qərəzli başlıqla - “Açılma tarihini Azerbaycan açıkladı” oxuculara çatdırıb. Söhbət Türkiyə-Ermənistan sərhədinin açılması perspektivindən gedir. Səfir Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinin "Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdırmı?" sualını belə cavablandırıb ki, Ermənistanda parlament seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra iki ölkə arasında sərhəd açılacaq. Bu cavabı Türkiyədə bəzi şəxslər və qruplar Azərbaycanın Türkiyənin daxili işlərinə qarışması kimi qiymətləndirib. Halbuki, səfir müsahibədə Türkiyə ilə Azərbaycanın Ermənistan siyasətini koordinasiyalı şəkildə həyata keçirdiyini sözlərinə əlavə edib. Bunu Türkiyə rəsmiləri də açıqlamalarında dönə-dönə vurğulayırlar. Azərbaycan və Türkiyə Ermənistanla danışıqları sinxron şəkildə aparır, münasibətlərin normallaşması istiqamətində müxtəlif addımlar atırlar.
Buna baxmayaraq, Türkiyədə hakimiyyətə müxalif olan qüvvələrin bir qismi Ermənistanla sərhədin açılması mövzusu ətrafında süni gərginlik yaratmağa çalışırlar. Ermənistanda parlament seçkisinə iki həftədən bir az çox vaxt qalıb. Hazırki baş nazir Nikol Paşinyanın qələbəsini həm Türkiyə, həm də Azərbaycan arzulayır. Paşinyan qələbə qazanarsa, referendum keçirib Konsitusiyanı dəyişdirəcək. Bundan sonra sülh sazişi də imzalanacaq, sərhədlər də açılacaq, “Tramp yolu”nun tikintisi də başlanacaq. Ancaq əgər Paşinyan məğlub olarsa, bunların heç biri reallaşmayacaq və hakimiyyətə gələn radikallar Azərbaycan və Türkiyə ərazilərinə iddialarını yenidən gündəmə gətirəcək, Ağrı dağının şəklini yenə rəsmiləşdirəcəklər. Bu halda Türkiyə Ermənistanla sərhədi açarmı? İndiki həssas məqamda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə ikinci “bayraq böhranı” yaşatmaq istəyənlər Rusiya və Ermənistandakı radikalların dəyirmanlarına su tökmüş olurlar. Görünür, Bakı ilə Ankara arasında məsləhətləşmələri intensivləşdirməyə ehtiyac var.
Müəllif: Elxan Şahinoğlu - "DİA-AZ"
Geri qayıt |