Əsas Səhifə > Ana xəbər / Güney Press > Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır”

Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır”


Bu gün, 05:23

Xəbər verdiyimiz kimi, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır.

Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətə başlaması müsbət addım hesab edilsə də, gediş haqqı ilə bağlı rəqəmlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Məhz ekspertlər də gediş haqqının yüksək olduğunu bildiriblər.

"Cebheinfo.az" xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüzün bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ağlasığmaz qiymət siyasəti elə gözlənildiyi kimi oldu:

"ADY-nin qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil. Artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı-Balakən qatarında sınaqdan keçirib. İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı-Tbilisi üçün də tətbiq etməyi planlayır.

Gediş haqqı o dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar. Belə ki, ADY ala-yarımçıq, hiss olunur çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV-nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib.

Bakı-Tbilisi qatarı üçün 2019-cu ilədəki qiymətlər:

*Plaskart - 24-26 AZN
*Kupe - 35-40 AZN
*SV (yataqlı) - 57-60 AZN.

Bir daha qeyd etmək istərdim ki, dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY-nin səyləri təqdirəlayiq olsa da, qiymət siyasəti ağlasığmazdır.

Güman ki, hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər. Görəsən, hökumət nə deyəcək ADY-nin bu yanaşmasına? İmkan veriləcəkmi? Bilmirəm, hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub".

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, bu, bir istiqamət üzrə olan qiymətlərdir:

"Əks istiqamət üzrə tariflər hələ məlum deyil. Yaxşı tərəfi odur ki, hələlik təyyarə biletlərindən ucuzdur. Amma gözləntilərlə müqayisədə qiymətlərin yüksək olduğu görünür. İnsanlar daha münasib tariflər olacağını düşünürdü.

Qiymətlərin hansı məntiqlə hesablandığını anlamaq çətindir. Əgər məsafəyə görə hesablanıbsa, bu da tam aydın görünmür. Məsələn, Böyük Kəsikdən Tbilisiyə məsafə çox qısa olsa da, biletin 51 manat olması suallar yaradır.

Bütün bu məqamlar hələ açıq qalır. Gürcüstan tərəfindən geri dönüş biletlərinin qiymətləri də açıqlanandan sonra ümumi qiymətlə bağlı daha dəqiq fikir bildirmək mümkün olacaq".


Geri qayıt