Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ?
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ?Bu gün, 09:30 |
|
Naxçıvan Taxıl Məhsulları MMC-yə tətbiq olunan satış məhdudiyyətinin aradan qaldırıldığı bildirilir. Bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən fəhlələrin sözlərinə görə, qərardan sonra müəssisə yenidən satış həyata keçirə biləcək və bunun sayəsində aylardır yığılıb qalan əməkhaqlarının ödənilməsi mümkün olacaq.
Fəhlələr bildirirlər ki, problem mətbuatda işıqlandırıldıqdan sonra həllini tapıb:
“Səlahiyyətli nümayəndə ilə direktor arasında yaranan intriqanın qurbanı biz olmuşuq. Ceyhun Cəlilov hazırda həbsdə olan direktorla yaşadığı problemə görə satışa məhdudiyyət qoymuşdu. Çünki yeyinti ilə bağlı açılan cinayət işində direktor onun da adını çəkib. Satış olmadığı üçün maaşlarımızı da verə bilmirdilər. İndi rəhbərlik deyir ki, satışa yenidən icazə verilib və tezliklə maaşlarımız ödəniləcək.”
Qeyd edək ki, bundan əvvəl “Gündəlik Naxçıvan” Naxçıvan Taxıl Məhsulları MMC-də yaranmış problemlə bağlı bir neçə məlumat yayıb. Bildirilirdi ki, müəssisəyə tətbiq olunan satış məhdudiyyəti səbəbindən 40-a yaxın işçi aylardır maaş ala bilmir. Şirkətin hazırda həbsdə olan direktoru Şakir Təverdiyevin yaxınları qadağanın qanunsuz olduğunu və müəssisənin fəaliyyətinə qəsdən maneələr yaradıldığını iddia edirdilər. Onların sözlərinə görə, məhsulların satışına imkan verilmədiyi üçün həm fəhlələrin maaşları ödənilmir, həm də anbarda saxlanılan məhsulların bir hissəsinin xarab olmaq riski yaranıb. Yaxınları baş verənlərin Şakir Təverdiyevin istintaqda bəzi şəxslərin əleyhinə ifadə verməsindən sonra başladığını bildirirdilər
Geri qayıt |