Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşırBu gün, 16:03 |
|
Cənubi Qafqaz uğrunda savaşın ağırlıq mərkəzi hazırda tamamilə məhz Ermənistan coğrafiyası üzərinə yüklənib. Belə ki, bəzi Qərb siyasi iradə mərkəzləri, xüsusilə də, Avropa Birliyi Ermənistan üzərindən bu regiona yerləşməyə can atırlar və buna nail ola biləcəklərinə ümid bəsləyirlər. Ancaq Rusiya bu məsələdə həmin Qərb siyasi iradə mərkəzlərinə şans tanımaq niyyətində olmadığını açıq-aşkar biruzə verir. Və bu baxımdan, Ermənistan coğrafiyasının hazırda Rusiya-Qərb qarşıdurmasında əsas geopolitik poliqonlardan birinə çevrildiyi artıq inkaredilməz reallıqdır. Onu da qeyd etmək lazımdır ki, Rusiya-Ermənistan münasibətləri son vaxtlar ən mürəkkəb və ziddiyyətli mərhələsini yaşayır. Bir tərəfdən, rəsmi İrəvan Qərbə inteqrasiya kursunu sürətləndirməyə, xüsusilə də Avropa Birliyi və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışır. Digər tərəfdən isə Kreml Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin qarşısını almaq üçün Ermənistan üzərində siyasi və iqtisadi təzyiq mexanizmlərini daha aqressiv şəkildə aktivləşdirməyə cəhd göstərir. Və son baş verənlər onu göstərir ki, bu iki ölkə arasında strateji etimad artıq mövcud deyil, müttəfiqlik çərçivəsi daralaraq, yerini yeni geopolitik qarşıdurma mərhələsinə verib. Məsələ ondadır ki, Kremlin Paşinyan hakimiyyətinə yönəlik ən sərt mesajlarından biri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən verilib. O, açıq şəkildə bəyan edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması, bu ölkəyə ÜDM-in 15-20 faizi həcmində zərər vura bilər. Vyaçeslav Volodinin fikrincə, bu, azı 5 milyard dollarlıq iqtisadi itki deməkdir. Əslində, onun açıqlaması sadəcə, iqtisadi hesablamadan ibarət deyil. Yəni, Kreml bununla Ermənistan cəmiyyətinə və Paşinyan hakimiyyətinə siyasi xəbərdarlıq edir ki, Rusiyadan uzaqlaşmanın çox ciddi nəticələri olacaq. Bütün bunları nəzərə aldıqda, Rusiya rəsmilərinin Ermənistanı indi Ukrayna ilə daha tez-tez müqayisə etməsi də qətiyyən təsadüfi deyil. Belə ki, Kreml son vaxtlar postsovet məkanında Qərbə inteqrasiya kursunu seçən ölkələrin timsalında “uğursuzluq nümunəsi” yaratmağa çalışır. Rusiya siyasi dairələri iddia edirlər ki, Ukrayna, eləcə də, Baltikyanı ölkələr Qərbə inteqrasiya nəticəsində həm iqtisadi, həm də təhlükəsizlik baxımından, ciddi problemlərlə üzləşiblər. Ermənistanla bağlı analoji iddiaların işə salınması onu göstərir ki, Kreml artıq bu ölkəni də tədricən geopolitik risk zonasına daxil etməyə başlayıb. Və bu, o deməkdir ki, Rusiya Paşinyan hakimiyyətini “qırmızı cizgiləri” aşmaqda davam edəcəyi təqdirdə, Ermənistanın da “Ukrayna ssenarisi”nə məruz qala biləcəyi ilə hədələyir. Digər tərəfdən, Kremlin Ermənistanı Rusiya vətəndaşlarının Qərb dövlətlərinin tələbləri əsasında həbs oluna biləcəkləri “riskli ölkələr” siyahısına daxil etməsi də maraq doğuran önəmli məqamdır. Çünki bu addım siyasi-diplomatik baxımdan, son dərəcə təhdidkar məna daşıyır. Belə ki, Ermənistan uzun onilliklər boyu Rusiyanın ən yaxın hərbi-siyasi müttəfiqlərindən biri hesab olunurdu. İndi isə Kreml faktiki olaraq, Ermənistanı Qərb hüquqi-siyasi sisteminə yaxınlaşan “qeyri-dost” dövlət kimi təqdim edir. Və bu isə tərəflər arasında qarşılıqlı etimadsızlıq böhranının artıq təhlükəsizlik sahəsinə də sıçradığını göstərir. Onu da nəzərə almaq lazımdır ki, hazırda Ermənistan Rusiya üçün böyük strateji önəm daşıyır. Çünki Cənubi Qafqazda Kremlin əsas hərbi dayaqlarından biri də məhz Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası hesab olunur. Bu baxımdan, baş nazir Nikol Paşinyanın həmin hərbi baza ilə bağlı verdiyi son açıqlamalar da xüsusi əhəmiyyətə malikdir. Belə ki, erməni baş nazir bəyan edib ki, Rusiya hərbi bazası Ermənistanda yalnız bu ölkənin qanunları çərçivəsində fəaliyyət göstərə bilər. Yəni, Rusiyada qəbul edilən qanunlar avtomatik şəkildə Ermənistan ərazisində tətbiq oluna bilməz. Və bu mesaj, Ermənistanda hakimiyyət dəyşikliyi ilə bağlı Rusiyanın 102-ci hərbi bazasından istifadə etmək niyyəti gündəmə gətirilən Kremlə birbaşa ünvanlanmış siyasi xəbərdarlıq xarakteri daşıyır. Məsələ ondadır ki, xüsusilə də, Rusiyada qəbul edilən və xaricdə həbs olunmuş rus vətəndaşların müdafiəsi üçün ordudan istifadə edilməsinə imkan verən qanundan sonra baş nazir Nikol Paşinyanın bu mövqeyi qətiyyən təsadüfi deyil. Rəsmi İrəvan açıq şəkildə göstərməyə çalışır ki, Ermənistan ərazisi Rusiyanın geopolitik və hərbi avantüraları üçün “nəzarətsiz platforma”ya çevrilməyəcək. Və bu isə əslində, Paşinyan hakimiyyətinin son illərdə reallaşdırmağa çalışdığı Rusiyadan uzaqlaşıb, “suverenləşmə siyasəti”nin tərkib hissəsidir. Ancaq bütün bunlarla yanaşı, Paşinyan hakimiyyəti Ermənistanı Rusiya ilə açıq qarşıdurma təhlükəsindən də yayındırmağa çalışır. Erməni baş nazirin “Rusiya ilə münaqişə etmək Ermənistanın miqyası deyil” açıqlaması onu göstərir ki, rəsmi İrəvan mövcud güc balansının önəmini də anlamamış deyil. Belə ki, Ermənistan iqtisadiyyatının əhəmiyyətli bir hissəsi hələ də Rusiya bazarından, rus kapitalından və şimal nəhəngində yaşayan erməni diasporunun maliyyə axınlarından birbaşa asılıdır. Üstəlik, Ermənistanın enerji və logistik təhlükəsizlik baxımından da Rusiya ilə münasibətləri tamamilə korlamaq imkanları məhduddur. Təbii ki, məhz buna görə də, Paşinyan hakimiyyəti hazırda mümkün qədər çoxvektorlu xarici siyasət modeli üzrə hərəkət etməyə çalışır. Belə ki, Ermənistan bir tərəfdən, Qərblə inteqrasiya siyasətini genişləndirir, Avropa Birliyi və ABŞ-la əlaqələri gücləndirir. Digər tərəfdən isə Kremlin sərt reaksiyasına səbəb ola biləcək addımlardan mümkün qədər yayınmağa çalışır. Və əslində, vaxtilə rəsmi İrəvanın Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayaraq, bunu açıq şəkildə bəyan etməsi də məhz həmin balans siyasətinin tərkib hissəsi sayıla bilər. Ancaq bütün bu proseslərə paralel olaraq, ən vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqazda geopolitik balans artıq böyük sürətlə dəyişir. İkinci Qarabağ savaşında hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik təminatlarına olan ənənəvi inam artıq ciddi şəkildə zəifləyib. Bu boşluğu isə hazırda Fransa da daxil olmaqla, bəzi Qərb ölkələri, eləcə də, Avropa Birliyi doldurmağa çalışır. Son vaxtlar ABŞ və Avropa Birliyi Ermənistan üzərindən Cənubi Qafqaz regionunda öz geopolitik təsir imkanlarını mümkün qədər artırmağa can atır. Və xüsusilə də, Avropa Birliyinin tərkibi hərbi kəşfiyyatçılardan ibarət olan “müşahidə missiyası”nın Ermənistanda fəaliyyəti Rusiyanın ciddi narazılığına səbəb olur. Digər tərəfdən, bütün bunlar həm də onu göstərir ki, Kreml Ermənistanı tamamilə itirmək təhlükəsiylə barışmaq niyyətində deyil. Çünki Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə çıxması Kremlin Cənubi Qafqazdakı geostrateji mövqelərinə sarsıdıcı zərbələr vura bilər. Və belə olacağı təqdirdə isə regionda Türkiyə ilə yanaşı, ABŞ və Qərbin təsiri daha da güclənə bilər ki, bu da Rusiyanın uzunmüddətli geopolitik maraqları ilə ciddi şəkildə ziddiyyət təşkil edir. Belə anlaşılır ki, yaxın vaxtlarda Ermənistan-Rusiya münasibətləri formal müttəfiqlik çərçivəsində də kənara çıxa və tərəflər arasında strateji qarşıdurma daha da dərinləşə bilər. Çünki Ermənistan Qərbə yaxınlaşdıqca, Kremlin bu ölkəyə təzyiq alətlərinin daha da sərtləşə biləcəyi qəyiyyən istisna deyil. Rusiyanın Ermənistanı açıq şəkildə “Ukrayna ssenarisi” ilə hədələməsi də Kremlin bu ölkəyə qoşun yeritmək niyyətinin mövcudluğunu düşünməyə əsas verir. Hər halda, Kremlin həm Ermənistan cəmiyyətindən, həm də Paşinyan hakimiyyətindən geopolitik seçim tələb etməsi Rusiyanın Cənubi Qafqazla bağlı daha radikal planlarının ola biləcəyini göstərir. Elçin XALİDBƏYLİ, Geri qayıt |