Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR

Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR


Bu gün, 06:05

Bir vaxtlar Azərbaycanın turizm simvoluna çevrilən Qəbələ və Qusar artıq əvvəlki qədər turist cəlb etmir. Rəsmi statistikaya görə, bu ilin ilk rübündə Qəbələdə hotellərdə gecələmə sayı 38.7%, Şabranda isə 75.2% azalıb.

Turistlər niyə Qəbələ və Qusardan uzaqlaşır? Onların yerini hansı bölgələr tutur?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Cabir Dövlətzadə deyib ki, son dövrlərdə Qəbələnin inkişaf tempində müəyyən geriləmə hiss olunur və turistlərin bir hissəsi digər bölgələrə yönəlir:

“Şəhər əvvəlki möhtəşəmliyini qoruyub saxlaya bilməyib və daha çox mövcud infrastrukturu inkişaf etdirməyə çalışır. Yenilənmə və yeni layihələrin az olması isə turistlərin alternativ istiqamətlərə üz tutmasına səbəb olur. Şabrandakı azalma isə daha çox mövsümi xarakter daşıyır. Xüsusilə fevral və mart aylarında İranla bağlı yaranmış gərginlik turizm axınına ciddi təsir göstərdi. Bir çox rezervasiyalar ləğv edildi və ilin ilk rübü demək olar ki, itirilmiş hesab olundu. Bununla belə, ümid etmək olar ki, ikinci rübdə vəziyyət tədricən yaxşılaşacaq”.

C.Dövlətzadə bildirib ki, xüsusilə Qusar və Naxçıvan bölgələri turistlərin ciddi marağına səbəb olur:

“Bakıya gələn turistlərin bir hissəsi artıq Naxçıvana səfər edir, oranı kəşf etməyə çalışır. Artıq Naxçıvan marşrutu turizm bazarında formalaşıb və turistlər orada ən azı 2-3 günlük qalmağa maraq göstərirlər. Gələcək statistik göstəricilərdə bunun təsirini daha aydın görmək mümkün olacaq. Ümid edirik ki, qarşıdakı dövrdə Azərbaycan turizmi üçün daha uğurlu nəticələr əldə olunacaq, turist sayı artacaq və bu da ümumilikdə turizm bazarının inkişafına müsbət təsir göstərəcək”.



Geri qayıt