Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvan təxribatının açılmayan sirri

Naxçıvan təxribatının açılmayan sirri


Bu gün, 09:29

İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata keçirilib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən həftəsonu jurnalistlərə açıqlamasında deyib.

“İrandan Naxçıvana dron hücumu baş verərkən dərhal Azərbaycan tərəfinin buna reaksiya olmuşdur. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız olmuşdur. İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olunmuşdur. O cümlədən bu məsələ ilə bağlı mən bir neçə dəfə İran xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparmışam. İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata keçirilib. Onlar bu məsələnin ciddi şəkildə araşıdırılması barədə Azərbaycan tərəfinə vəd vermişlər. Bundan sonra bizim hərbçilər xətiilə də təmaslar olub”, - deyə nazir vurğulayıb.

Naxçıvan istiqamətində baş verən hadisə ilə bağlı “üçüncü tərəf” versiyası adətən çox vaxt ya məsuliyyətdən yayınmaq, ya da vaxt qazanmaq məqsədi daşıyır. Eyni zamanda Ceyhun Bayramovun qeyd etdiyi diplomatik təmaslar davam etdirilməli, lakin bu proses konkret nəticələrə bağlanmalıdır. Dron təhlükəsi artıq regionda yeni reallıqdır və bu tip hücumların mənbəyindən asılı olmayaraq qarşısını almaq üçün texnoloji üstünlük həyati əhəmiyyət daşıyır. Sərhəd və xüsusilə Naxçıvan istiqamətində müşahidə və erkən xəbərdarlıq sistemləri daha da təkmilləşdirilməlidir.

Bundan başqa, informasiya müharibəsi də unudulmamalıdır. “Üçüncü tərəf” iddiaları fonunda müxtəlif dezinformasiya kampaniyaları aktivləşə bilər. Azərbaycan bu sahədə də operativ və faktlara əsaslanan kommunikasiya aparmalıdır ki, həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət doğru məlumatlandırılsın. Azərbaycan üçün ən düzgün yol diplomatik təzyiq, hərbi hazırlıq və informasiya siyasətinin paralel şəkildə yürüdülməsidir. Əks halda, bu cür “açılmayan sirlər” gələcəkdə daha təhlükəli presedentə çevrilə bilər.

Siyasi şərhçi Aydın Quliyev bu barədə “Yeni Müsavat”a bildirib ki, İrandan Naxçıvan hava limanı ərazisinə dronlarla vurulan zərbənin kökü və mahiyyəti tam şəkildə açılmalıdır: “Bunu Azərbaycanın və İranın qonşuluq mövqeyi də tələb edir. Ancaq lap əvvəldən də bəlli idi ki, İranın indiki şəraitdə, yəni artıq böyük cəbhədə savaşdığı vəziyyətdə Azərbaycanla ikinci cəbhə açmaqda marağı olmaya bilər. Düzdür, həmin vaxt bəziləri İranın bunu dövlət olaraq məqsədli şəkildə həyata keçirdiyi ilə bağlı iddialar irəli sürdülər. Amma dərin düşüncələrə görə, İranın elə o vaxt da, indi də İranın Azərbaycanla ikinci cəbhə açmaqda marağı ola bilməz. Bu, sadəcə, ən azı hərbi-texniki və strateji cəhətdən İranın mənafelərinə uyğun gəlmir. Ona görə də hələ o zaman da dərin düşüncələr belə bir məsələ ortaya qoyurdu ki, bu, başqa üçüncü ölkələrin törətdiyi təxribat ola bilər, ya İranın daxilində ABŞ-nin və İsrailin proksi qüvvələri tərəfindən bir hərəkət ola bilər. Yaxud İran hakimiyyətinin daxilində İranın dövlət hakimiyyətinin əsas xətti ilə bağlı olmayan təxribatçı qüvvələrin də işi ola bilərdi. Məsələn, biz bilirik ki, Ermənistanın İran hakimiyyəti daxilində müəyyən qədər dəstəkçiləri var”.

A.Quliyev qeyd edib ki, İran hakimiyyəti daxilindəki başqa ölkələrə bağlı qüvvələrin Azərbaycana qarşı təxribat törətdiyi istisna edilməməlidir: “Beləliklə, baş vermiş hadisədən çıxardığımız iki böyük nəticə var. Biri budur ki, İranın dövlət olaraq hazırda bu hadisəni birbaşa törətməkdə marağı yəqin ki, ola bilməzdi. İkincisi isə bütün hallarda həmin dron Azərbaycana İranın ərazisindən atıldığına görə onun məsuliyyəti birbaşa İran dövlətinin üzərindədir. Ona görə də İran dövləti həmin hadisənin mahiyyətini və motivlərini sona qədər araşdırmalı və Azərbaycana inandırıcı izah verməlidir. Xarici işlər naziri Ceyhun Bayramovun o cür fikirlər səsləndirməsi belə qənaətə gəlməyə əsas verir ki, İran Azərbaycana müəyyən inandırıcı izahları verib. İran-Azərbaycan münasibətləri hər zaman həssas olduğu qədər onun normal və sülh içində saxlanması da bir o qədər vacib olub və vacibdir. Bunu yəqin ki, İran tərəfi də başa düşür”.


Geri qayıt