Əsas Səhifə > Ana xəbər / Güney Press > AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır?
AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır?Bu gün, 15:58 |
|
Son illər Bakının nəqliyyat mənzərəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “islahat” xarakterli addımları ilə kökündən dəyişməyə başlayıb. Lakin bu dəyişikliklərin cəmiyyətdə yaratdığı rezonans göstərir ki, kağız üzərindəki rəqəmlərlə küçədəki reallıq arasında ciddi uçurum var. Prosesləri analiz etdikdə görürük ki, qurumun fəaliyyətində alternativsiz məhdudiyyət prinsipi üstünlük təşkil edir. Parklanma varlanmaya xidmət edir? Bakının mərkəzində tətbiq edilən yeni parklanma siyasəti şəhərin yükünü azaltmaq məqsədi güdsə də, bu, daha çox sürücülərin büdcəsinə zərbə vuran bir mexanizmə çevrilib. Dünyanın inkişaf etmiş şəhərlərində mərkəzi zonada parklanma bir qədər baha olsa da, şəhər kənarlarında “Park et və get” tipli geniş, ucuz dayanacaqlar fəaliyyət göstərir. Sürücü maşınını orada qoyub rahatlıqla sürətli qatara və ya metroya minə bilir. Bakıda isə AYNA mərkəzi zonalarda qiymətləri olduqca yüksək etməklə yanaşı, sürücüyə şəhər kənarında avtomobilini təhlükəsiz və “cibinə uyğun” qoyub mərkəzə keçə biləcəyi heç bir infrastruktur təklif etməyib – nə dayanacaqlar, nə sürətli ictimai nəqliyyat. Bu da prosesin nəqliyyatı tənzimləməkdən çox, sadəcə yığıma xidmət etdiyi təəssüratını yaradır. Avtobus zolaqları da xarüqələr yaratmadı… Şəhərin əsas prospektlərində çəkilən avtobus zolaqları AYNA-nın ən çox fəxrlə ictimaiyyətə təqdim etdiyi, loru dillə desək, öyündüyü layihədir. Lakin məsələ ondadır ki, zolaqlar çəkildikcə sərnişinlərin narazılığı azalmır, əksinə artır. Avropada, xüsusən Londonda bu sistem tətbiq olunanda avtobus parkı 100% yenilənmişdi və saniyəlik dəqiqliklə işləyən cədvəl tərtib edilmişdi. Bakıda isə zolaq boşdur, amma sərnişin 20 dəqiqə avtobus gözləyir. Nəticədə fərdi avtomobillər üçün yol daralır, tıxac daha da kəskinləşir. Yəni AYNA yolu avtobus üçün ayırsa da, həmin yolun içini dolduracaq keyfiyyətli xidməti təmin edə bilmir. Taksiləri yoxa çıxaran “islahat” Taksi bazarına tətbiq edilən “rəng və il” məhdudiyyətləri təhlükəsizlik üçün olduqca vacibdir. Lakin AYNA-nın burada da yarıtmazlığı özünü göstərir. Belə ki, taksi islahatlarının icra forması bazar iqtisadiyyatının qanunları ilə ziddiyyət təşkil edir. Süni şəkildə taksi sayının azaldılması birbaşa qiymət artımına gətirib çıxardı. Bu isə o deməkdir ki, avtobusa minə bilməyən, metrosu olmayan ərazilərdə yaşayan vətəndaş artıq taksi xidmətindən də istifadə edə bilmir. Cəmiyyətin ən aşağı gəlirli təbəqəsi üçün nəqliyyat əlçatanlığı kəskin pisləşib. AYNA-nın bu islahatı taksi xidmətini “lüks”ə çevirsə də, buna paralel olaraq digər nəqliyyat vasitələrini (məsələn, metronu) daha əlçatan etməyib. Qurumun kommunikasiya və şəffaflıq boşluğu Bəlkə də ən vacib məqam AYNA-nın cəmiyyətlə və ekspertlərlə qurduğu dialoqdur. Hazırda qurum “mən belə qərara gəldim, sən də əməl et” yanaşması ilə işləyir. Parklanmadan və cərimələrdən yığılan milyonlarla vəsaitin hara, hansı konkret nəqliyyat həllinə xərcləndiyi barədə şəffaf hesabat verilmir. Nəqliyyat sistemində islahat o zaman uğurlu sayılır ki, vətəndaş onun faydasını evindən çıxan kimi hiss etsin: keyfiyyətli nəqliyyatla təmin olunmaqla və vaxtına qənaət etməklə. Lakin biz hələ ki, yalnız itirilən vaxtımızın və xərclənən pullarımızın arxasınca baxırıq. Bir sözlə, AYNA-nın islahatları “məhdudiyyət var, amma alternativ yoxdur” düsturu ilə davam edir. Cənablar, şəhəri maşınlardan təmizləmək istəyirsinizsə, öncə daha sürətli, daha təmiz və daha ucuz bir nəqliyyat sistemi yaratmalısınız. Əks halda, edilən hər bir dəyişiklik paytaxt sakinlərinin həyatını asanlaşdırmaq yox, daha da mürəkkəbləşdirməkdən başqa bir işə yaramayacaq. AFN.az Geri qayıt |