|

Ermənistanda Rusiyaya yaxın revanşist dairələr seçki kampaniyası fonunda yenidən açıq şəkildə Moskva xəttini müdafiə edən bəyanatlarla çıxış etməyə başlayıblar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiya-Ermənistan İşgüzar Şurasının rəhbəri və “Birlikdə” hərəkatının lideri Mher Avetisyan Ermənistanın Qərblə yaxınlaşmasını təhlükəli adlandıraraq seçki kampaniyasının dayandırılmasına çağırıb.
Kremlə yaxın mövqeyi ilə tanınan Avetisyan bildirib ki, Ermənistan 2021-ci ildən sonra daxili siyasi mübarizəni kənara qoyaraq yalnız “təhlükəsizlik arxitekturasının bərpası” ilə məşğul olmalı idi.
“Müharibədə məğlub olmuş və təhlükəsizlik problemi yaşayan dövlət daxili siyasi qarşıdurmalarla yaşaya bilməz”,-deyə o, bildirib.
Revanşist fəal daha sonra açıq şəkildə Ermənistanın yalnız Rusiya ilə birlikdə gələcəyinin olduğunu bildirib:
"Ermənistan dövlətçiliyini yalnız Rusiya ilə sıx ittifaq və öz təhlükəsizlik sisteminin bərpası şəraitində qoruya bilər".
O, Qərbi Ermənistanı Rusiyaya qarşı geosiyasi alətə çevirmək istəməkdə günahlandırıb. “Bu gün Ermənistanın maraqları yalnız Rusiyanın maraqları ilə üst-üstə düşür”,-deyə Avetisyan qeyd edib.
Avetisyan həmçinin Ermənistanın “iki stul arasında otura bilməyəcəyini” söyləyib.
"Bu gün iki sim üzərində oynamaq artıq mümkün deyil. Bu, Ermənistan üçün ölümcül təhlükədir",-deyə erməni politoloq qeyd edib.
Məqalədə diqqət çəkən məqamlardan biri də revanşist düşərgənin yenidən “təhlükəsizlik”, “dövlətçilik” və “müharibə təhlükəsi” tezislərindən istifadə edərək Ermənistanı tam şəkildə Rusiya orbitində saxlamağa çalışmasıdır.
Qeyd edək ki, Ermənistanda Rusiyaya yaxın siyasi qruplar son aylarda həm Paşinyan hakimiyyətini Qərblə yaxınlaşmaya görə tənqid edir, həm də Qarabağ məsələsinin bağlanması və regionda yaranmış yeni reallıqlarla faktiki barışmaq istəmədiklərini müxtəlif çıxışlarında nümayiş etdirirlər.
Geri qayıt
|